18 
Nybr
2021
14:29
422

Nəriman Nərimanovla bağlı layihə həyata keçirilir

“Gürcüstanın Səsi” radiosunda 6 ay ərzində Nərimanovun əsərləri Marcanişvili teatrının aktyoru Zviad Sxitladze tərəfindən gürcü dilində səsləndiriləcək.

InterPress.ge xəbər verir ki, layihə üzrə məsləhətçi və iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva bununla bağlı çıxış edib.

Məlumata görə, Nərimanovun həyat və yaradıcılığı ilə bağlı müzakirələr aparmaq üçün azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri “Gürcüstanın Səsi” radiosunun efirinə dəvət ediləcək və onlar canlı yayımda gürcüdilli dinləyiciləri Nərimanovun həyat və yaradıcılığı ilə bağlı tanış edəcəklər. Layihə çərçivəsində Nərimanovla bağlı bioqrafik veriliş hazırlanacaq və TV24-ün efirində təqdim ediləcək. Layihə "Socar Energy Georgia"nın dəstəyi ilə həyata keçirilir.

"Bugünkü tədbir görkəmli ictimai-siyasi xadim, həkim, pedaqoq, dramaturk və publisist Nəriman Nərimanovla bağlı yeni layihənin təqdimatı ilə bağlıdır. Nərimanovun "Bahadır və Sona" romanı ilk dəfədir Gürcüstanda, Marcanişvilin teatrının aktyoru tərəfindən "Gürcüstanın Səsi" radiosunda gürcü dilində səsləndiriləcək. "Bahadır və Sona" əsəri ilə Nərimanov Azərbaycan ədəbiyyatında ilk milli romanın əsasını qoymuşdur. Bu əsərdə yalnız xalqlar dostluğu tərənnüm edilmir, həmçinin Nərimanovu hər zaman narahat edən digər problemlər, azərbaycanlıların digər millətlərdən geri qalması, savadsızlıq, din, mətbuat, o cümlədən Azərbaycan dilini bilməyin və yaşatmağın önəmi və s. kimi məsələlər öz əksini tapmışdır. Layihə çərçivəsində, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri "Gürcüstanın Səsi" radiosuna dəvət ediləcək və onlar Nərimanovun irsi barəsində, Nərimanovun həyat və yaradıcılığı ilə bağlı gürcüdilli dinləyicilərə ətraflı məlumat verəcəklər. Həmçinin layihə çərçivəsində, Nərimanovun həyat və yaradıcılığı ilə bağlı bioqrafik verilişin, qısasüjetli filmin çəkilməsi də nəzərdə tutulur. Bu layihə "Socar Energy Georgia" şirkətinin dəstəyi ilə Mediaholdinq TV24 və "Gürcüstanın Səsi" tərəfindən həyata keçirilir. Bu layihə ilə biz Nərimanova Gürcüstanda yeni bir nəfəs vermiş oluruq, onu yenidən dirçəltmiş oluruq", - deyə İsayeva bildirib.

(hsb)

Bizimlə əlaqə saxlayın