Mixail Saakaşvili: "Təsəvvür edə bilməzdim ki, illər sonra Gürcüstanda ölüm hökmü bərpa olunacaq və ironik olaraq mənim üçün bərpa ediləcək"
"Mən həqiqətən də təsəvvür edə bilməzdim ki, illər sonra Gürcüstanda ölüm hökmü bərpa olunacaq və ironik olaraq mənim üçün bərpa ediləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin bəyanatında deyilir.
Mixail Saakaşvilinin sözlərinə görə, onun səhhəti ilə bağlı məsələni gündəmin əsas məsələsinə çevirmək və bununla da “oğurlanmış seçkiləri və ya hakimiyyətin gürcü xalqına qaytarılmasını ört-basdır etmək” tamamilə qəbuledilməzdir.
“1998-ci ildə parlamentin Hüquq Komitəsinin sədri olmuşam. Mənim təşəbbüsümlə Gürcüstan parlamenti Gürcüstanda ölüm hökmünün əbədi olaraq ləğvi ilə bağlı tarixi qərar qəbul etdi. Mən həqiqətən də təsəvvür edə bilməzdim ki, illər sonra Gürcüstanda ölüm hökmü bərpa olunacaq və ironik olaraq mənim üçün bərpa ediləcək. Eybi yoxdur, hər şey olur, amma şər heç vaxt yaxşılığa qalib gələ bilməz. Burada hər kəsə müraciət etmək istəyirəm. Dostlar, mən əsas mövzu olsun deyə həbsxanada oturub aclıq aksiyası keçirmirəm, mənim azadlığım əsas mövzu olsun deyə İvanişvilinin girovu olmamışam. Aydındır ki, bunda nə məntiq, nə də rasionallıq var. Mən qayıtdım, könüllü olaraq girov götürüldüm və indi öz nümunəmlə vətənimizin azad edilməsinə, onun Avropa yolunu qoruyub saxlamasına və rus oliqarxiyasının caynağından azad edilməsinə töhfə vermək üçün sonuna qədər ac qalmağa hazırlaşıram.
Ona görə də bu, tamamilə qəbuledilməzdir və mən hamıdan xahiş edirəm ki, mənim səhhətimlə bağlı məsələni gündəmdə əsas məsələyə çevirməsinlər, Saakaşvinin aclığını bizim əsas məqsədimiz: oğurlanmış seçkilər və hakimiyyətin gürcü xalqına qaytarılması məsələsi ilə kölgədə qoymasınlar. Mənim aclığım məqsədə çatmaq üçün bir vasitədir və vasitəni məqsəddən qabağa qoymaq olmaz. Nəhayət, bir gürcü pravoslavı kimi mənim üçün bu gün çox mühüm və uğurlu gün idi. Məni Patriarxın xeyir-duası ilə ziyarət etdiyi üçün Möhtərəm Nikoloza təşəkkür etmək istəyirəm", - Mixail Saakaşvili bildirib.


