Marneulidə Zəfər Günü qeyd olundu - VİDEO/FOTO
Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə həyata keçirilib.
Keçirilən bayram mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi, Azərbaycanın Diaspor Komitəsinin əməkdaşları, Marneuli sakinlər, ictimai və siyasi xadimlər, məktəblilər və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən GAİM-in icraçı direktoru Orxan Pirverdiyev çıxışı zamanı 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən danışıb.
O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən əsarətində olan torpaqları azad edib.
"Bu gün qələbə günüdür. Bir il bundan öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ildir işğal altında olan torpaqlar azad edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin qarşısında baş əyib, Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, Gürcüstan da yaxın gələcəkdə ərazi bütövlüyünə qovuşar", - deyə Orxan Pirverdiyev bildirib.
Sonda tədbir iştirakçılarına Azərbaycan və Qarabağa həsr olunan mahnılar, milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
(hsb)


