Təhsil Nazirliyi məktəblərdə epidemioloji vəziyyətlə bağlı açıqlama yayır
Son bir həftənin məlumatına görə, məktəblərdə virusa yoluxma halları azalıb. Virus müəllimlərin 0,9 faizində, şagirdlərin isə 0,3 faizində aşkar edilib ki, bu da əvvəlki həftə ilə müqayisədə azdır.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Gürcüstanın Təhsil və Elm Nazirliyi məktəblərdə Covid-19 virusu aşkarlanan kimi vaxtında reaksiya verir və səhiyyə sektoru nümayəndələrinin tövsiyəsi əsasında ayrıca sinif və ya məktəb dərhal distant təhsilə keçir.
“Son bir həftənin məlumatlarına görə, bütün Gürcüstanda 218 məktəb və 415 ayrı sinif distant təhsilə keçib ki, bu da ötən həftənin məlumatları ilə müqayisədə nisbətən aşağı göstəricidir.
Müəllimlərin və məktəb rəhbərlərinin vaksinasiya prosesi hələ də davam edir. Onların 69,6 faizi bu mərhəldə peyvənd olunub.
Məktəb məkanında təhsilin bərpasından bəri bütün Gürcüstanda risk qrupunda olan 142 müəllim distant təhsildə iştirak edir.
Gürcüstanın Təhsil və Elm Nazirliyi məktəblərdə Covid-19 virusunun qarşısının alınması üçün müxtəlif istiqamətlərdə fəal iş aparır. Müəllimlərin Covid-19 testindən keçirilməsi davam edir. Məktəblər tədris ilinin sonuna kimi pandemiyanın qarşısını almaq üçün lazım olan resurslarla tam təchiz olunub.
Təhsil və Elm Nazirliyi bir daha bütün məktəb ictimaiyyətini səhiyyə sektorunun tövsiyələrinə mümkün qədər əməl etməyə və vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.
Öz növbəsində ümumi təhsil müəssisələri də səhiyyə sektorunun tövsiyələrinə əməl etmək, təhlükəsiz mühit yaratmaq üçün əllərindən gələni edirlər. Bu proses tədris resurs mərkəzlərinin və nazirliyin nümayəndələri tərəfindən nəzarətdə saxlanılır”, - deyə qurumun açıqlamasında bildirilir.


