Saakaşvilinin vəkili: "Aclıq aksiyası ölümcül nəticə ilə başa çata bilər"
"Yalnız əməliyyat lazım olacağı halda xəstəxanaya yerləşdiriləcəyi söhbəti tamamilə absurddur. Ümumiyyətlə əməliyyata ehtiyac yaranmaya bilər və aclıq aksiyası ölümcül nəticə ilə başa çata bilər".
InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Dimitri Sadzaqlişvili bildirib.
Vəkilin sözlərinə görə, hakimiyyət Mixail Saakaşvilini qurban verir və xəstəxanaya yerləşdirmə ilə bağlı qərarlar qəbul edərkən öz siyasi gündəminə uyğun hərəkət edir.
“Hökumət öz təşəbbüsü ilə müxtəlif sahələr üzrə mütəxəssislərin daxil olduğu şura yaratdı və şuranın tövsiyələrinə diqqətlə əməl edəcəklərini bildirdi. Şuranın verdiyi tövsiyəni gördük, buna görə aclığın bu mərhələsində artıq elə bir vəziyyət yaranıb ki, istənilən vaxt təcili tibbi müdaxilə tələb oluna bilər. 12-ci Cəzaçəkmə Müəssisəsində bu müdaxilə üçün heç bir resurs yoxdur, lakin hakimiyyət şuranın tövsiyələrinə əməl etmir və yalnız əməliyyat lazım olacağı halda xəstəxanaya yerləşdiriləcəyi söhbəti tamamilə absurddur. Ümumiyyətlə əməliyyata ehtiyac yaranmaya bilər və aclıq aksiyası ölümcül nəticə ilə başa çata bilər”, - deyə Dimitri Sadzaqlişvili bildirib.
Başqaları dindirilmədən 18-ci cəzaçəkmə müəssisəsinə yerləşdirilməsinin mümkün olub-olmaması sualına gəlincə, vəkil bunu istisna etməyib.
"Bu hakimiyyətdən heç bir şey istisna deyil, bu hakimiyyət biabırçı bəyanatlar verir və biabırçı hərəkətlər edir”, - Dimitri Sadzaqlişvili bildirib.


