İdarələrarası Koordinasiya Şurası iclas keçirdi - Vətəndaşlara çağırış edildi
Bu gün Hökumət Administrasiyasında Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə keçirilən İdarələrarası Koordinasiya Şurasının iclasında epidemioloji tendensiyalar, infeksiyaya yoluxma dinamikası və xəstəxana sektorundakı mövcud vəziyyət müzakirə edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayır.
İclasda qeyd olunub ki, Gürcüstanda, eləcə də dünyada baş verən epidemioloji tendensiyalarda peyvəndləmə prosesinin aktivləşdirilməsinə xüsusi önəm verilir. Bununla belə, epidemioloqların sözlərinə görə, maska taxmaq nisbəti hələ də aşağıdır ki, bu da virusun yayılmasının qarşısını almaq üçün ən yaxşı üsullardan biri hesab olunur.
İdarələrarası Koordinasiya Şurası vətəndaşları sosial məsafəni qorumağa, həm qapalı, həm də açıq məkanda maska taxmağa, virusla mübarizənin ən effektiv üsulu olan vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.
Şurada peyvənd marafonunun gedişi ilə bağlı məlumatlar da dinlənilib. Məlum olduğu kimi, peyvənd olunmaq istəyən vətəndaşlara yerindəcə xidmət göstərmək üçün müxtəlif rayon və qəsəbələrə səyyar briqadalar göndərilir. Marafon çərçivəsində artıq 1400-dən çox vətəndaş peyvənd olunub.


