İdarələrarası Koordinasiya Şurası yeni qərarlar qəbul etdi
Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə bu gün Hökumət Administrasiyasında keçirilən İdarələrarası Koordinasiya Şurasının iclasında ölkədəki epidemioloji vəziyyət, xəstəxana sektorunun hazırlığı və peyvəndləmə prosesi müzakirə edilib.
InterPress.ge xəbər verir ki, iclasda epidemioloji vəziyyətin pisləşməsinin qarşısını almaq üçün vaksinasiya tempinin artırılması ilə yanaşı mövcud qaydaların icrasının əhəmiyyəti də vurğulanıb.
Peyvənd intensivliyini artırmaq və aşılamaya maksimum əlçatımlığı təmin etmək üçün bölgələrdə aşılama marafonu başlayır. Bu məqsədlə peyvənd olunmaq istəyən vətəndaşlara yerindəcə xidmət göstərmək üçün müxtəlif qəsəbələrə səyyar briqadalar göndərilir.
Bugünkü məlumatlara görə, ən azı bir doza ilə milyondan çox vətəndaş peyvənd olunub. Bundan əlavə 879 630 nəfər tam peyvənd olunub ki, bu da yetkin əhalinin 30% -ni təşkil edir.
Həmçinin, Səhiyyə Nazirliyi 50 yaşdan sonra və xroniki xəstəlikləri olan şəxslərdə gücləndirici dozaların istifadəsinə icazə verib. Tamamilə aşılanmış şəxslər, ikinci dəfə peyvənd olunduqdan 6 ay sonra "Pfizer", "Sinopharm" və "Sinovac" ilə aşılana bilərlər. Ancaq "Astrazeneca" ilə "buster" doza vurulmur. "Astrazeneca" ilə peyvənd olunmuş şəxslər "Pfizer" ilə üçüncü dəfə aşılana bilərlər.
Bundan əlavə, "Sinovac" və "Sinopharm" ilə aşılanan vətəndaşlara, təhsil və ya işgüzar səfər məqsədi ilə, peyvəndin ikinci dozasından 28 gün sonra gedəcəkləri ölkənin tələblərinə uyğun olaraq "Pfizer" ilə aşılanmaq imkanı verilir. Bunun üçün səyahət sənədlərini peyvənd müəssisəsinə təqdim etmək və məqsədini əsaslandırmaq lazımdır. Həmçinin xroniki xəstəlikləri olan 12 yaşdan yuxarı uşaqlar üçün "Pfizer" peyvəndinə icazə verilir.
İdarələrarası Koordinasiya Şurası bir daha vətəndaşları vaksinasiya prosesində fəal iştirak etməyə, özlərinin və yaxınlarının sağlamlığının qayğısına qalmağa çağırıb.


