Rəsmi Kiyev Saakaşvilinin müdafiəsinə qalxdı
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Mixail Saakaşvilinin Gürcüstanda saxlanılmasına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Kulebanın bununla bağlı açıqlamasını Ukrayna mediası yazıb.
Yerli mediaya verdiyi müsahibədə Kuleba, Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu və Ukraynanın ona kömək edəcəyini bildirib.
Onun sözlərinə görə, Gürcüstan səfirliyinin nümayəndəsi mövcud vəziyyəti müzakirə etmək üçün bu gün Ukrayna Xarici İşlər Nazirliyinə gedəcək. Kulebanın dediyinə görə, Ukrayna problemlərlə üzləşən bütün vətəndaşlarını qoruyacaq.
"Təbii ki, o, bizim vətəndaşımızdır və buna uyğun olaraq onu dəstəkləyəcəyik. Gürcüstan Səfirliyinin nümayəndəsi dəvətimizlə Xarici İşlər Nazirliyinə gələcək və onunla hər şeyi müzakirə edəcəyik. Ukraynanın bütün vətəndaşlarını çətin vəziyyətə düşdükdə qoruyuruq", - Dmitro Kuleba deyib.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən Gürcüstanda saxlanılıb. Saakaşvili Rustavidəki on ikinci cəzaçəkmə müəssisəsinə aparılıb.


