01 
Okt
2021
19:47
2522

Gürcüstan Prezidenti xalqa müraciət etdi

“Bu gün ölkədə sakitlik tələb olunur ki, oktyabrın 2-də seçkilər şəffaf, ədalətli və dinc mühitdə keçsin”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatında bildirib.

Onun sözlərinə görə, keçmiş prezident Mixeil Saakaşvilinin Gürcüstana qayıtması barədə məlumatların doğru və ya yalan olması məlum deyil: “Lakin bu mövzu seçkiqabağı mühiti pozur, yorğun cəmiyyəti gərginləşdirir və daha böyük qütbləşmə üçün zəmin yaradır”.

Dövlət başçısı hakimiyyətin M.Saakaşvilinin qayıtması məsələsinə reaksiyasının düzgün olmadığını qeyd edib: “Bu cür reaksiya cəmiyyətin gözlədiyi deyil. Şərhlər partiyadan deyil, dövlət orqanlarından gəlməlidir. Onlar ictimaiyyətə yalanı və faktlarla sübut edərək onu sakitləşdirməyə borcludurlar”.

S.Zurabişvili bildirib ki, hökumət seçkiqabağı mühitin destabilizasiyasına yönələn bütün cəhdlərin qarşısını almalı və qütbləşməyə yol verməməlidir: “Dinc və azad seçki mühitinin yaradılmasına görə məsuliyyət hökumətdədir. Vətəndaş qarşıdurması dövrü keçib və məsul olan hər hansı bir şəxs ölkəsini və onun gələcəyini düşünürsə, odla oynamamalıdır. Hesab edirəm ki, qarşıdurma olmayacaq, çünki vətəndaşlarımız siyasətçilərdən daha ayıq-sayıqdırlar. Mən konstitusiya quruluşunun və dinc gələcəyin tərəfindəyəm. Hər kəsi məsuliyyətli olmağa çağırıram. Ölkənin sabitliyi bizim heç vaxt imtina etməyəcəyimiz ümumi nailiyyətdir”.

Bizimlə əlaqə saxlayın