08 
Avq
2021
09:57
891

Gürcüstanda dövlət binalarında bayraqlar endirildi

Bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 13 il ötür.

InterPress.ge xatırladır ki, avqustun 8-də başlamış müharibə ən yeni tarixə “Beş günlük müharibə” və “Avqust müharibəsi” kimi daxil olub.

Hərbi əməliyyatlar zamanı Gürcüstanın 170-i hərbçi, 14-ü hüquq-mühafizə orqanlarının əməkdaşı, 224-ü isə dinc sakin olmaqla, 408 nəfər vətəndaşı həlak olub, 2 232 nəfər yaralanıb, 26 min nəfər qaçqın vəziyyətinə düşüb.

Bu gün müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanın prezident sarayı, hökumət administrasiyası, parlament binası, digər dövlət idarələrində və diplomatik nümayəndəliklərdə bayraqlar endirilib.

Beş günlük müharibədən sonra Moskvanın həmin ilin avqustun 26-da Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib və hər iki bölgəni işğal olunmuş ərazilər elan edib.

Gürcüstanın Xarici İşlər Nazirliyi müharibənin növbəti ildönümü ilə bağlı yaydığı bəyanatda Rusiyanı 12 avqust 2008-ci il tarixli atəşkəsin elan olunması barədə razılaşmaya dair öhdəlikləri yerinə yetirməyə, işğalçı qüvvələri Gürcüstan ərazisindən çıxarmağa və işğal olunmuş ərazilərin “müstəqillik”lərinin tanınması barədə qanunsuz qərarı ləğv etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın