Qardabani bələdiyyəsinin deputatı vəzifəsindən istefa etdi və səbəbini açıqladı - FOTO
Qardabani bələdiyyəsi sədrinin müavini Rəfi Orucov vəzifəsini və eyni zamanda "Gürcü Arzusu" partiyasını tərk etdi.
InterPress.ge xəbər verir ki, bu barədə Rəfi Orucov şəxsi facebook səhifəsində qeyd edib.
Onun qeyd etdiyinə görə, vəzifəsinə son qoymasına və partiyanı tərk etməsinə səbəb partiyanın son zamanlar yürütdüyü siyasətin onun siyasi mövqeyi ilə üst- üstə düşməməsidir.
"Hörmətli el obam, əziz dostlar! Nəzərinizə çatdırmaq istəyirəm ki, şəxsi istəyimlə Gürcü arzusu partiyasının sıralarını, o cümlədən Qardabaninin bələdiyyə məclisinin sədr müavinliyi və seçilmiş olduğum Qaratəhlə kəndinin deputatı vəzifəsini tərk edirəm.
Bu qərarıma səbəb, partiyanın son zamanlar yürütdüyü siyasətin mənim siyasi mövqeyimlə üst- üstə düşməməsidir.
Fəaliyyət göstərdiyim 7 il müddətində hər zaman dövlətimə, xalqıma vicdanla xidmət edərək, onların inkişafı üçün əlimdən gələni etməyə çalışmışam. Bu günədək mənə dəstək olan, inanan, etimad göstərən hər bir vətəndaşımıza, elimin dəyərli sakinlərinə dərin minnətdarlığımı bildirirəm. Ümüd edirəm ki, etimadınızı doğrultdum.
İllərdir birlikdə çalışdığım kollektivə uğurlar diləyirəm.
Hər zaman ölkəmin, xalqımın inkişafı üçün var gücümlə çalışdım və bundan sonra da çalışacağam!"- Orucov yazır.


