Avropa Parlamenti üzvləri: "Lekso Laşkarava-nın ölümü tam və qərəzsiz araşdırılmalıdır"
"Laşkaravanın ölümü və şiddətli hücumlar fonunda polisin şok edici hərəkətsizliyi tam və qərəzsiz şəkildə araşdırılmalıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvləri, Andrius Kubilius və Rasa Yukneviçenin ortaq açıqlamasında bildirilir.
Avropa Parlamentinin üzvləri Gürcüstan cəmiyyətinin bütün üzvlərini sakit və təmkinli olmağa çağırıb, təxribatların olmaması lazım olduğunu deyiblər.
“Gürcüstan yaxın onilliklərdəki inkişafını, uğur və ya uğursuzluğunu təyin edən çox ciddi bir yol ayrıcındadır. Gürcülərin çoxu Avropa inkişafını və Avropa dəyərlərini qətiyyətlə və çoxdan seçiblər. Eyni zamanda, Gürcüstanın bu yolda irəliləməsinə mane olmağa və onu dəyişdirməyə çalışan qüvvələr var. Tbilisidə "Ləyaqət marşı"na qarşı keçirilən mitinqdə 53 jurnalistin hədəf alındığı və döyüldüyü son hadisələr belə cəhdlərdən biridir. Yaralı media işçilərindən Lekso Laşkaravanın ölümü bizi kədərləndirdi. Laşkaravanın ölümü və şiddətli hücumlar fonunda polisin şok edici hərəkətsizliyi tam və qərəzsiz araşdırılmalıdır. Bütün cəmiyyət üzvlərini təxribatların baş verməməsi üçün sakit və təmkinli olmağa çağırırıq. Gürcüstandakı bütün siyasi qüvvələr, xüsusən də hakim partiya Avropa dəyərlərinə hörmətlə yanaşmaq üçün çalışmalıdır. KİV azadlığı və ifadə azadlığı dəyərləri Avropa dəyərləridir və qorunması lazımdır", - açıqlamada deyilir.
Xatırladaq ki, 5 iyulda "Tbilisi Pride" əleyhdarları tərəfindən döyülən TV Pirveli-nin operatoru Lekso Laşkarava vəfat edib. Ölümün səbəbi hələlik məlum deyil. Lekso Laşkarava bir neçə gün klinikada olub, daha sonra isə evə buraxılıb.
Lekso Laşkaravanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladılıb.


