Prezident vəfat edən operatorla bağlı açıqlama verdi
"Bu belə bitməməlidir. Məsul olan şəxslər cəzalandırılmalıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili vəfat edən operator Lekso Laşkaravanın ailəsinə başsağlığı verərkən deyib.
"Bunlar çox çətin anlardır, nə deyəcəyimi bilmirəm, anaya nə deyəcəyimi bilmirdim. Xəstəxanada ziyarət etdim və həqiqətən bu gün bu faciəni və kədəri bölüşmək üçün buraya gələcəyimi düşünməmişdim. Əminəm ki, bu belə bitməməli və cavabdeh olanlar cəzalandırılmalıdır. Mən nə polisəm, nə də istintaq aparan, amma bunun vacib olduğunu bilirəm. Bu yalnız jurnalistlərin deyil, bütün cəmiyyətin narahatlığıdır, mövcud faciəni bütün cəmiyyətlə bölüşürəm", - Salome Zurabişvili deyib.
Məlumat üçün bildirək ki, 5 iyulda "Tbilisi Pride" əleyhdarları tərəfindən döyülən TV Pirveli operatoru Lekso Laşkarava vəfat edib. Ölümün səbəbi hələlik məlum deyil. Lekso Laşkarava bir neçə gün klinikada olub, sonra evə buraxılıb.
Xatırladaq ki, "Tbilisi Pride"a qarşı keçirilən aksiyada TV Pirveli-nin jurnalisti və operatoru Lekso Laşkarava vəzifəsini yerinə yetirərkən fiziki və şifahi təcavüzə məruz qalıb.


