Gürcüstanda ilin ən yaxşı investor şirkəti "SOCAR Energy Georgia" seçildi
29 iyun tarixində, Tbilisidə “Georgian Times” Media Holdinq tərəfindən təşkil edilən 21-ci “Biznes Reytinq” adlı təntənəli möhtəşəm mərasim baş tutdu.
InterPress.ge xəbər verir ki, qala gecəsində ənənəvi olaraq ilin ən yaxşı şirkətləri və iş adamları müəyyənləşdirildi.
Qala gecəsində münsiflər heyətinin qərarı ilə 2020-ci ilin yekunlarına əsasən “SOCAR Energy Georgia” ilin ən yaxşı investisiya şirkəti seçildi və “Gürcüstan ərazisində ən böyük sərmayə qoymuş şirkət” nominasiyasının qalibi oldu. Bundan başqa, "SOCAR Energy Georgia" şirkəti “Dövlət büdcəsinə ən iri vergi ödəyicisi” və “Ən Yüksək Sosial Məsuliyyətli Şirkət” nominasiyaları üzrə qalib elan edildi.
"SOCAR Energy Georgia" 2006-cı ildə təsis edilmişdir və əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına neft məhsulları və təbii qazın idxalı, həmçinin bu məhsullarının topdan və parakəndə satışı, SOCAR brendi altında müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisindən ibarətdir.
“SOCAR Energy Georgia” Gürcüstanda infrastruktur, müxtəlif sosial yardım növləri, fiziki məhdudiyyətli insanların və yaşlıların hüquqlarını təmin edən layihələr, o cümlədən Gürcüstan vətəndaşı olan azərbaycanlı gənclərin Gürcüstanın ali təhsil ocaqlarında təhsil almalarının maliyyələşdirilməsi kimi mühüm sosial layihələr həyata keçirir. Şirkətin xeyriyyəçi və sosial fəaliyyətləri Gürcüstan cəmiyyətinə yaxşı məlumdur.


