İstehlakçılara elektrik enerjisi verən şirkətlər dəyişəcək
"İyulun 1-dən etibarən istehlakçılara elektrik enerjisi verən şirkətlər dəyişəcək, lakin bu, tariflərin artmasına səbəb olmayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Enerji Ombudsmanı Salome Vardiaşvili açıqlama verib.
Onun Media Holdinq "Kvira"nın mətbuat klubunda verdiyi məlumata görə, Tbilisi əhalisinə "Telasi" əvəzinə "Tbilisi Elektrik Təchizatı Şirkəti" (Temliko), bölgə əhalisinə isə "Energo Pro Geogia" əvəzinə, "Ep Georgia Təchizatı" xidmət verəcək.
“Bu mərhələdə tariflərdə artım olmayacaq, istehlakçılar üçün heç bir xərc olmayacaq. Bu mərhələdə yalnız şirkətin adı dəyişdirilir. Konkret prosedurlar dəyişdiriləcək, çətinliklərimiz olacaq, ancaq istehlakçılara tarif artımı və maddi-iqtisadi baxımdan hər hansı bir təsir olmayacaq", - dedi Vardiaşvili.
Onun sözlərinə görə, dəyişiklik əhalinin maraqlarına uyğunlaşdırılıb və istehlakçılara yalnız müsbət təsir göstərəcək.
"Yeni tədarükçülərimiz olacaq, yəni elektrik enerjisində şəbəkə və təchizat fəaliyyətləri ayrılacaq. İyulun 1-dən etibarən şəbəkələr tədarükdən ayrılacaq və bir qayda olaraq bazarda bir-biri ilə rəqabət aparmaq üçün fərqli təchizatçılar meydana çıxacaq. İnhisarçılıq hər zaman rəqabətdən daha pisdir. Buna görə hər zaman enerji sektorunda bir növ rəqabətin olmasının və istehlakçıların seçim edə bilməsinin, şirkətlərin ən yaxşı xidməti təqdim etməkdə maraqlı olmalarının daha yaxşı olacağını söyləyirdik. Bu dəyişiklik əhalinin marağına uyğunlaşdırılmışdır və istehlakçıya yalnız müsbət təsir göstərəcək. Buna görə də bu cür dəyişikliyi müsbət qiymətləndirirəm. Bu prosesdə tam iştirak edirəm və bilirəm ki, proses asan olmayacaq. Anlaşılmazlıqlar və suallar olacaq. Buna görə də xidmətimiz bu müddət ərzində mümkün qədər çalışmağa hazırdır", -dedi Vardiaşvili.


