Gürcüstan DTX-sı xəbərdarlıq edib
“Gürcüstan etnik və dini müxtəlifliyə görə daim olaraq dözümsüzlük və separatizm təzahürlərinin eskalasiyasının təhlükəsi altındadır”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2019-cu il üzrə hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, məhz buna görə xarici ölkələrin xüsusi xidmət orqanları Gürcüstanın müəyyən bölgələrinə maraq göstərirlər.
DTX-dan bildirilib ki, 2019-cu ildə Gürcüstanda ultrasağ düşüncəli qruplarla bağlı riskləri müəyyən edilib: “Bu cür fikirlər davam edən qlobal böhran nəticəsində artan beynəlxalq miqrasiya prosesi ilə də bağlı olub”.
Hesabatda vurğulanıb ki, Gürcüstanın təhlükəsizliyi üçün önəmli problemlərdən biri də hibrid təhdidlərdir: “Gürcüstanda təsirə sahib olmaqda maraqlı ölkələr məqsədlərinə nail olmaq üçün “hibrid müharibə” alətlərini daha effektiv istifadə etmək üçün cəmiyyətdə müxtəlif qrupları araşdırmağı davam etdiriblər”.(report)