07 
Iyn
2021
11:33
16773

Azərbaycana giriş-çıxış qaydaları açıqlandı - İZAHAT

Azərbaycan Respublikasına hava və quru yolla giriş-çıxış qaydaları açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayır.

Gürcüstana hava və quru yolu ilə giriş-çıxış qaydaları ilə bağlı Səfirliyin məlumatında deyilir:

“Yeni növ COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstanın Hökumət Başçıları arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən 2020-ci ilin 14 mart tarixindən ölkələr arasında həm hava, həm dəki quru yolu ilə dövlət sərhədləri müvəqqəti olaraq bağlanmışdır.

Gürcüstanın Qurumlararası Koordinasiya Şurasının cari ilin 24 fevral tarixində keçirilən növbəti iclası çərçivəsində Azərbaycan Respublikasının vətəndaşlarının mart ayının 1-dən etibarən PCR test verməklə hava yolu ilə Gürcüstana daxil olması barədə qərar qəbul etmişdir. Qərara əsasən ölkəyə daxil olan vətəndaşlarının 72 saat sonra təkrar test verməlidirlər. İstənilən ölkədən hava yolu ilə səyahət edən xarici ölkələrin vətəndaşlarının, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam kursunu (iki doza) təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə Gürcüstana daxil olduqdan sonra təkrar 72 saat sonra test vermək məcburiyyətindən azad olunurlar.

Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə daxil olması ilə bağlı verilən qərarı əsas tutaraq, cari ilin 19 mart tarixindən etibarən Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Gürcüstanın paytaxtı Tbilisi şəhərinə və əks istiqamətdə xüsusi reyslər həyata keçirmək barədə qərar qəbul etmişdir.

Uçuş cədvəlinə əsasən, pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlar həftədə beş dəfə – çərşənbə günü və cümə axşamı istisna olmaqla həyata keçirilir.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. Həmçinin, Gürcüstana hava yolu ilə gəlməyi planlaşdıran əcnəbilər məcburi aşağıda qeyd olunan onlayn formanı doldurmalıdırlar:

https://registration.gov.ge/.../8_protocol_for.../tk6157/.

Hal-hazırda Gürcüstanın quru sərhədlərinin bağlı olması səbəbindən, hava yolu əcnəbi ölkə vətəndaşlarının ölkəyə giriş qaydaları aşağıdakı kimidir:

Həmçinin, Gürcüstanın Qurumlararası Koordinasiya Şurasının Qərarına əsasən digər ölkələrlə yanaşı Azərbaycan Respublikasının da vətəndaşlarının quru sərhədlə ölkəyə cari ilin 1 iyun tarixindən etibarən aşağıda qeyd olunan şərtlərlə girişinə icazə verilmişdir:

1. Azərbaycan vətəndaşı Gürcüstan ərazisinə quru yolu ilə daxil ola bilər:

- Son 72 saatda götürülən PCR testinin mənfi nəticəsi ilə və ya COVID-19 peyvəndinin tam kursunu (iki doza) təsdiqləyən sənəd təqdim etdikdə;

- Peyvənd olunmamış şəxs son 72 saatda edilən PCR testinin neqativ nəticəsi ilə Gürcüstan ərazisinə daxil olduqdan 72 saat sonra təkrar PCR test verməlidir;

- Peyvənd olunan şəxslər, 72 saat öncədən PCR testin nətcəsini əldə etmədikləri təqdirdə Gürcüstan ərazisinə daxil olarkən sərhəddə PCR test verməli olacaqlar;

- Gürcüstana quru yolu ilə daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları mütləq şəkildə aşağıda qeyd olunan onlayn formanı doldurmalıdır:

https://registration.gov.ge/.../8_protocol_for.../tk6157/

​Səfirlik Azərbaycan Respublikasının vətəndaşlarının Gürcüstana quru yolu ilə səfər etmədən öncə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət edərək ölkədən çıxış və giriş icazəsi almalarının zəruri olduğunu bildirir.

​Həmçinin, Səfirlik üçüncü ölkələrdən quru yolu ilə Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına daxil olmaq istəyən vətəndaşlarımızın da müvəqqəti yaşadıqları ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizə müraciət etməklə Azərbaycan Respublikasına quru yolu ilə giriş icazəsi almalarının vacib olduğunu bildirir.

​Səfirlik, həmçinin məlumat vermək istəyir ki, hava yolu ilə vətəndaşlarımızla yanaşı aşağıda qeyd olunan şəxslər Azərbaycan Respublikasına yalnız PCR test verməklə səfər edə bilərlər:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya övladı Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

Həmçinin, nəzərə alınmalıdır ki, quru yolu ilə Azərbaycan Respublikasına Gürcüstandan qayıtmaq istəyən vətəndaşlarımız, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olan xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; valideynlərindən biri, həyat yoldaşı və ya övladı Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər səfər etmədən öncə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət etməlidirlər”, - deyə səfirliyin yaydığı məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər