Bolnisi bələdiyyəsinin Naxiduri (Arxılı) kəndində azyaşlı qız qaçırıldı - Polis binası qarşısında səs-küy yarandı
Telavidə, polis binası qarşısında səs-küy yaranıb.
InterPress.ge xəbər verir ki, Bolnisi Bələdiyyəsinin Naxiduri (Arxılı) kəndindən qaçırılan azyaşlının ailə üzvləri polis binası qarşısında toplanıb.
Onların sözlərinə görə, 15 yaşlı yeniyetmə məktəbə gedərkən yoldan qaçırılıb.
"Uşağımız oğlanı tanımırdı, yalnız bir dəfə internetlə əlaqə saxlamışdı, bundan sonra qızım onun səsini də eşitməyib. Mən işdə idim və qızım mənə zəng elədi ki, ana məni qaçırdılar və telefonu söndürdü. Sonra eşitdik ki, oğlan Qaracalar kəndindəndir. Ertəsi gündən polisə yalvarırıq, ancaq heç kim heç nə demir. Uşağımı görmək istəyirəm", - dedi azyaşlı qızın anası.
Oğlan ailəsinin isə fərqli bir versiyası var, qızın ailəsi ilə razılığa gəlmək üçün Telavi polisinə gələrək, qızla oğlanın bir-birini sevdiklərini və bir-birlərini tanıdıqlarını söyləyiblər, bundan sonra isə tərəflər arasında şifahi anlaşmazlıq yaranıb.
Fakt qanunsuz olaraq azadlıqdan məhrumetməni nəzərdə tutan 143-cü maddəyə əsasən araşdırılır.


