Qardabaninin Gənclər Mərkəzində Müstəqillik Günü qeyd olunub
May ayının 27-də Qardabani Gənclər Mərkəzinin ofisində tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, Qardabani Gənclər Mərkəzində baş tutan tədbir 26 may Gürcüstanın və 28 may Azərbaycanın müstəqillik gününə həsr olunub.
Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğlu qonaqları salamladıqdan bu iki əlamətdar günlə bağlı öz fikirlərini tədbirə qatılan qonaqlarla bölüşüb.
“26 may Gürcüstanın, 28 may isə Azərbaycanın müstəqillik günüdür. İlk öncə bu səbəblə hərbirinizi o cümlədən hər iki ölkənin vətəndaşlarını təbrik edirəm!
1918- ci ildə elan olunan Gürcüstan Demokratik Respublikası və Azərbaycan Demokratik Cümhuriyyəti çox qısa bir ömür sürsə də bu azadlıq hər zaman iki ölkə xalqının qəlbində bir ümid işığı olmuşdur. Sovet ittafaqı içərisində yaşadıqları bu xalqlar hər zaman öz müstəqillikləri uğrunda çalışmış və nəhayət bu arzuya yetişmişdilər. O zamankı liderlərə və hökumətə hörmət əlaməti olaraq da bu günü tarixi bir dəyər kimi qorumuşdular. Bu dəyərləri bundan sonra qorumaq bizlərə də bir borcdur.”- Hacı Bəkiroğlu.
Baş tutan tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Sərxan İsmayılov çıxış edərək Gürcüstanla Azərbaycan arasındakı sıx dostluq əlaqələrindən danışıb və bu iki ölkənin bənzər taleyinə diqqət yetirib.
Daha sonra Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov, ziyalılardan Zabit Hüseynov, Muradxan Eminov və gənc siyasi şərhçi Aybəy İsayev çıxış ediblər.
Tədbirdə elm xadimləri ilə birlikdə ictimaiyyət nümayəndələri də iştirak ediblər.


