Samirə Bayramova hökumətin komendant saatı ilə bağlı qərarını qınadı
Gürcüstanda Pasxa bayramı ilə əlaqədar Koordinasiya Şurası iclas keçirdi.
InterPress.ge xəbər verir ki, İclasda aparılan müzakirələr nəticəsində qərar qəbul olundu ki, Pasxa bayramı günü komendant saatının vaxtı uzadılsın. Bu qərar isə azərbaycanlılar arasında birmənalı qarşılanmadı. İctimai fəal Samirə Bayramova sözügedən məsələylə bağlı fikirlərini bizimlə bölüşdü.
“Biz komendant saatının Novruz bayramı günü ləğv olunması üçün müraciət etmişdik, ancaq təssüflər olsun ki, bizim müraciətimiz tamamilə aidiyyatı olmayan orqana göndərildi, bunun özü bizim icmamıza qarşı hörmətsizlik idi. Baxmayaraq ki biz müraciətdə epidemioloji vəziyyətin stabilliyini səbəb gətirmişdik, ancaq təssüflər olsun ki, hökumət bizim tələbimizi təmin etmədi.
Bildiyiniz kimi Koordainasiya Şurası qərar qəbul edərək Pasxa bayramı ilə bağlı komendant saatının vaxtını dəyişdi. Ümumiyyətlə düşünürəm ki, Gürcüstanda yaşayan digər millətin nümayəndələri olan Gürcüstan vətəndaşlarının bayramlarına qarşı da eyni addımlar atılmalıdır. Ancaq millətlər arasında ayrı seçkilik yaratmaq bunun özü diskriminasiyadır. Bu gün dövlətin ikili standartı bir daha onu göstərir ki, müəyyən qrupların hüquqları ali şəkildə qorunur, ancaq ölkədə hüquqları qorunmayanların isə aşağı səviyyəli qruplar olduğu görünür.
Baxmayaraq ki, Novruz bayramı ərəfəsində epidemioloji vəziyyət indikindən daha yaxşı idi, tələbimiz koodinasiya şurasını qane etməmişdi. Ümumiyyətlə hesab edirəm ki, Qərb dəyərlərini paylaşan, inteqrasiya edən Gürcüstan üçün bu tamamilə yanlış addımdır. Gürcüstanda yaşayan bütün millətin bayramlarına eyni şəkildə münasibət göstərilməlidir.
Mən Pasxa bayramını qeyd edən hər kəsin bayramını təbrik edirəm. Bizim etirazımız bu bayramı qeyd edənlərə və sıravi vətəndaşlara deyil, bizim etirazımız ayrı- seçkilik yaradan sistemə qarşıdır. Biz bunu qınayırıq” Samirə Bayramova.


