Marneuli bələdiyyəsində baş tutan geniş miqyaslı aksiyadan bir il ötür - VİDEO
Ölkədə mövcud pandemiya şəraitindən irəli gələrək tətbiq olunan məhdudiyyətlər fonunda Marneuli bələdiyyəsinin azərbaycanlıların kompakt yaşadığı kəndlərdə geniş miqyaslı aksiyalar keçirilirdi.
InterPress.ge xəbər verir ki, düz bir il bundan öncə 22 aprel 2020- ci ildə Marneuli bələdiyyəsinin onlarla kəndin sakinləri Şulaver kəndinə toplaşaraq minlərlə əhali aksiya keçirmişdi.
Baş tutan aksiyalar çərçivəsində etiraz əlaməti olaraq əhali tərəfindən yollar bağlanmışdı.
Aksiyanın səbəbi kənd təsərrüfatı ilə məşğul olan sakinlərin əkib- becərdikləri məhsulu satmaq üçün bələdiyyədən çıxa bilməmələri idi. Həmin vaxtlar nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.
Aksiya çərçivəsində rəsmi nümayəndələr əhali ilə görüşərək əhalinin mövcud problemlərini dinləmişdilər və daha sonra problemin həll olunması üçün müvafiq qurumlarla müzakirələr aparırdılar. Aparılan müzakirələr nəticəsində qərara gəlinmişdi ki, kəndlərə yük avtomobilləri cəlb olunaraq kənd əhalisi əkib- becərdikləri kənd təsərrüfatı məhsullarını yerində satsınlar.
“Jibe” şirkəti ilə rəsmi nümayəndələri əməkdaşlığı nəticəsində Marneuli bələdiyyəsi kəndlərindən kənd təsərrüfatı məhsullarının alınması prosesi başlamışdı.
Kəndlərdə məhsulların satışı həyata keçirilən zaman əhali aksiya keçirərək “Jibe” şirkəti tərəfindən məhsulların aşağı qiymətə alınmasına etiraz edirdilər.
Etirazlar fonunda şirkət tərəfindən məhsullar əhalinin tələb etdiyi qiymətə alınmağa başlanmışdı.


