Marneulidə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin təşəbbüsü ilə görüş keçirildi
Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin təşəbbüsü və Hüquqi Yardım Xidməti ilə əməkdaşlıq sayəsində Gürcüstanda “Etnik azlıqlar üçün pulsuz hüquqi dövlət xidmətlərindən istifadə” adlı məlumat kampaniyası çərçivəsində görüş keçirildi.
InterPress.ge xəbər verir ki, görüş Marneuli meriyasında baş tutdu.
Tədbirdə Marneuli meriyasının birinci müavini Laşa Lobganidze,18 kəndin ərazi vahidliyinin icra nümayəndələri, İlya Universitetinin azərbaycanlı tələbələri iştirak edirdi.
Görüşü Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov açaraq müasir şəraitdə etnik azlıqlar üçün pulsuz hüquqi dövlət xidmətlərinin vacibliyindən danışdı. Tədbir iştirakçılarına gürcü və azərbaycan dilində mövzu ilə bağlı ətraflı məlumat verən müşavir Ayaz Məmmədov iştirakçıların nəzərinə çatdırdı ki, Dövlət naziri Tea Axvlediani kampaniya çərçivəsində ölkə ərazisində keçirilən görüşlərdə vətəndaş bərabərliyi siyasətinin prioritet istiqamətlərindən biri olan etnik azlıqların nümayəndələri üçün dövlət proqramları və müxtəlif mövzularda məlumatlılığın artırılmasının vacibliyini bildirdi.
Tədbirdə çıxış edən A. Məmmədov etnik azlıqlar üçün təmənnasız hüquqi xidmətlərin vətəndaş bərabərliyi və dövlət siyasətinin inteqrasiyasının prioritetlərindən biri olduğunu qeyd etdi. O, bildirdi ki, görüşlərimiz bu ayın 15- dən başlayıb və layihə çərçivəsində bölgələrdə, o, cümlədən Kvemo Kartlinin bələdiyyələrində (Marneuli, Bolnisi, Dmanisi, Çalka, Tetritçğaro və Qardabanidə, eləcə də həmin bölgələrin kəndlərində) sözügedən məlumat kampaniyası keçiriləcək.
“Görüş çərçivəsində sabah Bolnisinin azərbaycanlılar yaşayan Saraçlı (Mamxuti) kəndindəki ictimai məktəbdə şagird və müəllim kollektivinin, həmçinin valideynlərin iştirakı ilə sözügedən məlumat xarakterli kampaniya ilə bağlı tədbir keçiriləcəyi haqqında məlumat verildi. Tetriçğaro bələdiyyəsinin Samşvilde kəndində və Marneuli bələdiyyəsinin Qaçağan kəndindəki 1 nömrəli orta məktəbdə gənclər, müəllim və valideyinlərlə keçirdiyimiz tədbirdə layihə iştirakçıları ilk dəfə təmənnasız hüquqi yardım və ondan istifadə etmə bacarığı haqqında ətraflı məlumatlar əldə ediblər, eyni zamanda, suallara cavab verildi.
Qeyd edək ki, Dövlət nazirinin təşəbbüsü ilə keçirəcəyimiz bütün tədbirlərdə müəllimlər, şagirdlər və kənd bələdiyyələrinin icra nümayəndələri, layihəyə maraqlı olan vətəndaşlarımız iştirak edəcəklər,”- deyə A. Məmmədov bildirdi.
Xatırladaq ki, Gürcüstanda “Etnik azlıqlar üçün hüquqi dövlət xidmətlərindən təmənnasız istifadə” adlı məlumat kampaniyası Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin təşəbbüsü və Hüquqi Yardım Xidməti ilə əməkdaşlıq çərçivəsində, həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin Gürcüstan Assosiasiyasının dəstəyi ilə keçirilir.
Görüşün sonunda A. Məmmədov tədbirin mənalı və işgüzar şəraitdə keçdiyi üçün nazirlik adından Marneuli meriyasına təşəkkür etdi.


