“Stad de Frans” Avropada ən böyük vaksinasiya mərkəzinə çevriləcək
Fransanın Sena-Sen-Deni departamentinin rəhbərliyi “Stad de Frans” stadionunda koronavirusa qarşı Avropada ən böyük vaksinasiya mərkəzi qurmağı planlaşdırır.
InterPress.ge xəbər verir ki, mərkəzin artıq aprel ayında işə başlaması gözlənilir.
Bu qərarın ölkədə, eləcə də bütün Avropada vaksinasiyanı sürətləndirməyə yönəlik bir addım olması heç kəsdə şübhə doğurmur. Lakin peyvənd çatışmazlığı fonunda prosesin hansı ehtiyatlar hesabına sürətləndiriləcəyi hələ ki, aydın deyil.
Qeyd edək ki, “AstraZeneca” vaksininin istehsalında yaranan problemlər səbəbindən şirkət Avropa İttifaqı qarşısındakı öhdəliklərinin cəmi üçdə bir hissəsini yerinə yetirə bilib. Bu azmış kimi, Aİ daxilində istehsal olunan peyvəndin xeyli hissəsi onun sərhədlərindən kənara ixrac olunur. Məhz bu səbəbdən, Avropa Komissiyasının sədri Ursula fon den Leyen “AstraZeneca” vaksininin ixracına qadağa qoymağı düşünür. Onun fikrincə, istehsalçı şirkət ilk öncə Aİ qarşısındakı öhdəliklərini yerinə yetirməli, daha sonra vaksini xaricə satmalıdır.
Hazırda Avropa ölkələrində “Moderna” və “Pfizer-BioNTech” peyvəndlərindən də istifadə olunur. Bəzi ölkələr, məsələn İtaliya isə artıq Rusiyanın “Sputnik V” vaksinindən istifadəyə icazə verməyə hazırlaşır.