21 mart tarixində Marneulidə Novruz bayramının keçiriləcəyi elan olundu
Mart ayının 21-də Marneulidə Novruz Bayramı qeyd ediləcək.
InterPress.ge xəbər verir ki, bu haqda Ümumi Gürcüstan Müsəlmanları Ali Din İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov bildirdi.
Onun sözlərinə görə, Novruz şənliyi Marneulidə saat 14:00-da “Ata Holding” parkında baş tutacaq.
M.Əsədov keçən il pandemiya səbəbindən Novruz şənliyi keçirilə bilmədiyini qeyd etdi. Həmçinin o, bu il bayram günündə “komendant saatı”nın götürülməməsi ilə əlaqədər da danışdı.
“Milli bayramımız hər il hökumət səviyyəsində qeyd olunurdu, təəssüf ki, keçən il pandemiya səbəbindən bu bayram keçirilə bilmədi. O, cümlədən bu il biz istədik ki, Novruz bayramında bir gün də olsa komendant saatı götürülsün. Lakin istəyimizə müsbət cavab ala bilmədik və hər formada bu bayramın qarşısı alındı. Təəssüf ki, bu istəyimizə hörmətlə yanaşmadılar. Biz gərək öz milli bayramımıza sahib çıxaq. 21 mart saat 14:00-da “Ata Holding” parkında biz, insanları bura dəvət edirik. Burada öz bayramımızı qeyd edək. İstəyirik ki, aşıq sənət nümayəndələrindən də dəvət olunsun. Həmçinin o cümlədən aktiv gəncləri və cəmiyyətimizi bu bayram tədbirində iştirak etməyə çağırıram”- deyə qeyd etdi Mirtağı Əsədov.
Xatırladaq ki, mart ayının 12-də aktual.ge xəbər portalının ofisində icmanın fəalları və qeyri-hökumət təşkilatlarının nümayəndələri Novruz Bayramında “komendant saatı”nın ləğvi ilə bağlı mətbuat konfransı keçirmişdi. Brifinqin mövzusu Novruz bayramı günündə “komendant saat”nın ləğv edilməsi idi.
Buna cavab olaraq mart ayının 18-də Koordinasiya Şurasının iclasından sonra hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili pandemiya səbəbindən bu cür şənliklərin məsləhət olmadığını bildirdi.


