17 
Mar
2021
08:47
5288

“Novruz bayramı günü Komendant saatı ləğv olunsun” müraciətinə hökumətdən ilk cavab gəldi

11 mart tarixində Gürcüstanda azərbaycanlıların rəhbərlik etdiyi 10 Qeyri-hökumət təşkilatı (QHT) və ictimai fəallar Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə, 21 mart Novruz bayramı günü bir günlük "komendant saatı"nın ləğv edilməsi ilə bağlı müraciət ünvanlanmışdı.

InterPress.ge ​​​​​​ xəbər verir ki, 16 mart tarixində Novruz bayramı günü "Komendant saatı"nın bir günlük ləğv edilməsi ilə bağlı məktubu Hökumət Administrasiyası, Dini İşlər üzrə Dövlət Agentliyinə göndərib və nəzərdən keçirilməsinə xahiş edib.

Hökumət Administrasiyası tərəfindən Dini İşlər üzrə Dövlət Agentliyinə göndərilən məktubda deyilir:

"Gürcüstanın etnik azərbaycanlı icmasının qeyri-hökumət təşkilatlarının Gürcüstanın baş nazirinin adına, Hökumət Administrasiyasına göndərdiyi 12 mart 2021-ci il tarixli 8408 nömrəli ortaq məktubu sizə göndəririk. Xahiş edirik məktubda göstərilən sualları səlahiyyətlərinizə uyğun olaraq nəzərdən keçirin və nəticə barədə maraqlı tərəfə məlumat verin".

Xatırladaq ki, 11 martda QHT-lər və ictimai fəalların Hökumət Administrasiyasına təqdim etdiyi müraciətin məzmununda deyilir:

"Mövcud epidemiya vəziyyətini nəzərə alaraq, məhdudiyyətlərə əməl etmək, dövlət idarələrinin virusla mübarizə və mövcud tövsiyələrə riayət etmək üçün işlərini dəstəkləməyin vacib olduğunu başa düşürük. Biz, Gürcüstandakı azərbaycanlı icmasının gəncləri, epidemiya vəziyyəti ilə bağlı məhdudiyyətlərin ümumi əhali arasında tam yerinə yetirilməsi üçün fəal şəkildə çalışırıq. Əlavə olaraq, yoluxma hallarının nisbətən az olduğunu nəzərə alaraq inanırıq ki, stressdən, gərginlikdən və cərimələrdən qorxmadan cəmi bir gün - 21 mart tarixində Gürcüstan miqyasında hərəkət məhdudiyyətini ləğv etmək və Novruz bayramı əhval-ruhiyyəsi yaratmaq mümkündür. Bayramın qeyd olunması, qonaq getmək və tonqal qalamaq axşam saatlarına təsadüf edir. Bu səbəbdən bayramın ənənələrinə uyğun tədbirlərin qanun pozuntusuna yol vermədən keçirilməsi üçün “komendant saatı”nın martın 21-də aradan götürülməsini xaiş və təklif edirik. Yuxarıda göstərilənləri nəzərə alaraq, xaiş edirik, martın 21-də Gürcüstan miqyasında "komendant saatı"nı ləğv edin və təbiətin oyanışı və baharın gəlişi olan Novruz bayramını birlikdə qeyd edək".

Bizimlə əlaqə saxlayın