21 
Yan
2021
18:55
567

AİHM Gürcüstanın Rusiyaya qarşı şikayətini təmin etdi

Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası işi üzrə yekun qərar qəbul edib.

InterPress.ge-nin xəbərinə görə, məhkəmə Gürcüstanın mövqeyini təmin edərək Avropa İnsan Haqları Konvensiyasının 6 maddəsinin pozulmasına, habelə 2008-ci il Avqust müharibəsindən sonra yaşamaq hüququnun pozulmasına dair qaldırılan iddialarla bağlı səmərəli istintaq aparılmamasına və prosedural baxımdan 2-ci maddənin tələblərinin pozulmasına görə Rusiyanı məsul tərəf kimi tanıyıb.

Bununla belə, məhkəmənin Böyük Palatası 8-12 avqust tarixlərində müharibənin aktiv fazası zamanı baş verən hadisələrin Rusiyanın yurisdiksiyasında olmadığını əsas gətirərək Gürcüstan tərəfinin müvafiq iddiasını təmin etməyib.

Qeyd edək ki, Gürcüstan 2008-ci il avqustun 11-də Rusiya ilə 6 maddədən ibarət atəşkəs razılaşmasının imzalanmasından 1 gün sonra AİHM-ə müraciət edərək Rusiyanı Avropa İnsan Haqları Konvensiyasının 8 maddəsini pozmaqda ittiham edib. Bununla əlaqədar indiyədək məhkəməyə 700-dək dəlil təqdim edilib. Məhkəmənin böyük palatası 2018-ci ilin mayında işlə əlaqədar şifahi dinləmələri başa çatdırıb. AHİM-in bugünkü qərarı Gürcüstanın Rusiyaya qarşı qaldırdığı dövlətlərarası 3 müraciətindən ikincisi idi. 2014-cü ildə AİHM Rusiyada yaşayan gürcülərin 2006-cı ildə kütləvi şəkildə saxlanılması və qovulması ilə əlaqədar Gürcüstanın iddialarını təmin edib. Bunun ardınca məhkəmə 2019-cu ildə Rusiyanı vurulan zərərə görə 10 mln. dollar kompensasiya ödəməklə cəzalandırıb. Gürcüstanın AİHM-də Rusiyaya qarşı üçüncü dövlətlərarası müraciəti isə 2018-ci ildə Arçil Tatunaşvilinin Tsxinvalidə öldürülməsi ilə əlaqədar olub.

Gürcüstan Prezidenti Salome Zurabişvili Strasburq məhkəməsinin bugünkü qərarının Gürcüstan üçün tarixi önəm daşıdığını bəyan edib.

Bizimlə əlaqə saxlayın