Gürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib. Maliyyə naziri Laşa Xutsişvilinin plenar iclasda təqdim etdiyi dəyişikliklər 77 lehinə, 1 əleyhinə səslə qəbul olunub.
InterPress.ge xəbər verir ki, Laşa Xutsişvilinin iclasda bildirdiyinə görə, cari ildə real iqtisadi artım 6,8 faiz, nominal ümumi daxili məhsul 120 milyard 306 milyon lari, orta illik inflyasiya 5,2 faiz, birləşdirilmiş büdcənin kəsiri ÜDM-in 1,2 faizi, hökumətin borcu isə ÜDM-in 30 faizi olacaq.
Birləşdirilmiş büdcənin vergi gəlirləri 810 milyon lari artırılaraq 27 milyard 850 milyon lariyə çatdırılır.
Laşa Xutsişvilinin sözlərinə görə, vergi gəlirlərinin bütün əsas kateqoriyalarında artım qeydə alınır. O cümlədən əlavə dəyər vergisi üzrə proqnoz 320 milyon lari artırılıb. Bunun nəticəsində, onun bildirdiyinə görə, bələdiyyə büdcələri əlavə olaraq 64 milyon lari əldə edəcək.
Qrantlar və digər gəlirlər üzrə proqnoz 326 milyon lari artırılaraq 3 milyard 8 milyon lari müəyyən edilib. Özəlləşdirmədən əldə edilən gəlir proqnozu da 130 milyon lari artırılaraq 480 milyon lariyə çatdırılıb.
Yeni borclanmanın azaldılması hesabına birləşdirilmiş büdcənin ümumi daxilolmaları 35 milyard 991 milyon lari təşkil edəcək.
