Britaniyanın “The Economist” jurnalı Tom Standage müəllifliyi ilə “2027-ci ilin 10 əsas tendensiyası” başlıqlı məqalə dərc edib. Yazıda 2027-ci ildə ehtimal olunan və ya real olaraq baş verə biləcək proseslər təqdim edilir və təhlil olunur.
“Dünyanı böyük sınaq gözləyir: ABŞ-ın siyasi gələcəyindən və artan borclarından tutmuş süni intellektlə bağlı problemlərə qədər”, – materialda qeyd olunur.
Nəşrin təqdim etdiyi məqalənin qısaldılmış variantını təqdim edirik:
Müasir həyat bəzən elmi-fantastik romanı xatırladır. Kosmosda kompüterlər yerləşdirməyi xəyal edən raket-kosmik sənaye maqnatı dünyanın ilk trilyoneri olur. Dronlar müharibənin xarakterini dəyişdirib. Taksi avtomobilləri sürücüsüz hərəkət edir. Süni intellekt modelləri insan nəzarətindən çıxır. İnsanabənzər robotlar gündəlik həyatımıza daxil olur. İnsanlara arıqlamağa və sağlamlıqlarını yaxşılaşdırmağa kömək edən inyeksiyalar ortaya çıxıb – əlbəttə, kimsə bunu istəyərsə.
Həqiqətən çatışmayan və görə bilmədiyimiz yeganə şey yadplanetlilərdir. Mənim fikrimcə, onlar 2027-ci ildə ortaya çıxmayacaqlar. Bunun əvəzinə, diqqətlə izləməyə dəyər bir sıra digər tendensiyaların şahidi olacağıq.
1. Trampdan sonrakı dövr
Konqresin aralıq seçkiləri böyük səs-küylə başa çatdı. Qanunverici orqanın yeni demokratik çoxluğu hələ fəaliyyətə başlamayıb. Ağır məğlubiyyətə uğrayan respublikaçılar çaşqınlıq içindədirlər – yanvar ayından, Konqresdə demokratların üstünlük təşkil edəcəyi dövrdə onların vəziyyəti necə olacaq?
2027-ci ildən Donald Trampın siyasi varisi uğrunda mübarizə başlayacaq. Prezidentliyə namizəd kim olacaq? Prezident özü “axsaq ördəyə” çevrilmək niyyətində deyil. O, daha çox eyniadlı filmdəki “qəzəbli quş”a bənzəyəcək: hələ çox səhv edə və düşünülməmiş addımlar ata bilər. Yəqin ki, yeni prezident fərmanlarını, məhkəmə iddialarını, binaların adlarının gözlənilməz şəkildə dəyişdirilməsini, möhtəşəm tikinti layihələrini və hərbi avantüraları gözləmək lazımdır. Donald Tramp təsirini qorumağa və prezidentliyinin tarixə necə düşəcəyini müəyyənləşdirməyə çalışacaq. Bu arada isə bütün dünya Donald Trampdan sonrakı həyatın necə olacağı barədə düşünməyə başlayacaq.
2. İranla müharibənin əks-sədası
İranla müharibənin sürətli və yekun şəkildə başa çatması, görünür, 2027-ci ildə də mümkün olmayacaq və qeyri-müəyyənlik davam edəcək. Lakin Donald Trampın düşünülməmiş şəkildə başladığı müharibə artıq ABŞ-ın nüfuzunu sarsıdıb: müttəfiqlər artıq Amerikaya əvvəlki kimi etibar etmir, rəqibləri isə ondan qorxmurlar.
İranla müharibənin nəticələri 2027-ci il boyunca hiss olunacaq. Bu, Yaxın Şərqdəki siyasi vəziyyəti, dünya enerji resurslarının axınını dəyişəcək və üzvi gübrələrin ciddi çatışmazlığı səbəbindən ərzaq təhlükəsizliyinə təhdid yaradacaq. İranın özündə isə hakim rejim cəmiyyət üzərində nəzarəti daha da sərtləşdirəcək.
3. Tarixin yenidən ən isti ili
2027-ci ilin iqlim müşahidələri tarixində ən isti il olacağı gözlənilir. Güclü “El-Ninyo” hadisəsi bizi gələcəkdə nələrin gözlədiyi barədə təsəvvür yaradacaq: daha isti, eyni zamanda daha qeyri-sabit, daha quraq hava, ekstremal istilik dalğaları, meşə yanğınları və dağıdıcı atmosfer hadisələri.
Belə dəhşətli nəticələrin qarşısını havanın çirklənməsini mümkün qədər tez dayandırmaq və karbon qazı emissiyalarını qadağan etməklə almaq olar (lakin bunun baş verəcəyi şübhəlidir).
Bu arada Donald Tramp, özü də istəmədən, dünyada bərpa olunan enerji mənbələrinin təşviqatçısına çevrilib.
Bərpa olunan enerji mənbələrinə keçid yalnız iqlim dəyişikliyi ilə mübarizənin ən yaxşı yolu deyil, həm də dünya enerji bazarlarından asılılığın qarşısını almaq üçün ən yaxşı vasitədir.

