29 
Sen
2026
16:00
79

Benzin və dizelin bahalaşması fonunda Gürcüstanda maye qaza tələbat 10-15 faiz artıb

Benzin və dizel yanacağının qiymətinin artması fonunda Gürcüstanda maye qaza tələbat cari il ərzində təxminən 10-15 faiz artıb. Bunu Maye Qaz Assosiasiyasının rəhbəri Nika Xoferia “BusinessPressNews”a açıqlamasında bildirib.

InterPress.ge xəbər verir ki, Xoferianın sözlərinə görə, qazla işləyən avtomobillərin sayının artmasına baxmayaraq, sektor mövcud tələbatı qarşılamaq imkanına malikdir və hazırda qıtlıq gözlənilmir.

Nika Xoferianın məlumatına görə, hazırda maye qazın qiyməti təxminən 1,65 lari təşkil edir. Qiymətdə 5 tetri civarında kiçik dəyişikliklər olsa da, ümumi olaraq sabit hesab olunur. Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi mövsümi amillərdir. Bundan əlavə, Rusiyanın neft emalı sənayesində mövcud problemlər də qiymətə təsir göstərir.

“Hazırda qiymət sabitdir, 1,65 lari ətrafındadır, 5 tetri çox və ya az dəyişə bilər. Buna görə də qiymət sabit hesab olunur. Yaz aylarındakı qiymətlə müqayisə etsəniz, bu, başqa məsələdir. Yazda maye qazın qiyməti həmişə nisbətən aşağı olur. Hazırda qiymət maksimum həddədir, lakin hələlik daha da bahalaşma gözləmirik.

Qiymətə Rusiyanın neft emalı sənayesində mövcud problemlər də əlavə təsir göstərir, lakin əsas səbəb yenə də mövsümi amildir. Ötən ilin eyni dövrünə nəzər salsanız, qiymət eyni olub.

Tələbat məsələsinə gəldikdə isə, 2017-ci ildən etibarən maye qazla işləyən avtomobillərin sayı sistemli şəkildə artır. Hazırda isə ənənəvi yanacağın qiymətinin getdikcə yüksəlməsi səbəbindən artım tempi daha da sürətlənib. Sektor bu artan tələbatı qarşılayır və gələcəkdə də qarşılamağa hazırdır”, – deyə Nika Xoferia bildirib.

Assosiasiya rəhbərinin sözlərinə görə, uzunmüddətli perspektivdə maye qazın mümkün qıtlığı ilə bağlı proqnoz vermək çətindir. Lakin hazırda sektor tələbatın artımını qarşılamaq imkanındadır.

“Uzunmüddətli perspektiv barədə deyə bilmərəm. Dünya elə dəyişir ki, bir-iki ildən sonra nə olacağını bilmək mümkün deyil. Amma sektorun bu artımı rahatlıqla qarşılaya bilməsi faktdır.

Maye qazla işləyən nəqliyyat vasitələrinin sayı ildən-ilə təxminən 5-7 faiz artırdı, lakin indi artım daha da sürətlənib. Hər şey qiymətlərdə öz əksini tapır. Benzin və dizellə bağlı problemlər – qiymətlərin çox yüksək olması – səbəbindən, əlbəttə, bu il maye qaza tələbatın artım tempi də yüksəlib və ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10-15 faiz təşkil edib”, – Xoferia qeyd edib.

Tələbatın artmasının qiymətlərə təsir edib-etməyəcəyi ilə bağlı suala Maye Qaz Assosiasiyasının rəhbəri mənfi cavab verib.

“Tələbatın artması qiymətə təsir etməyəcək. Çünki maye qazın bazarda olmasının 10 ili tamam olur və rəqabət düzgün istiqamətdə inkişaf edib. Bazar açıqdır, spekulyativ razılaşmalar və süni qiymət müəyyənləşdirilməsi baş vermir”, – deyə Nika Xoferia bildirib.

Tələbatın artması mayeləşdirilmiş propanın idxal həcminin yüksəlməsində də özünü göstərir. Sakstatın məlumatlarına əsasən, 2025-ci ilin yanvar-avqust aylarında Gürcüstan 8,628 milyon dollar dəyərində 22 972 ton qaz idxal edib. Bu dövrdə bir litrin vergilərsiz qiyməti 38 sent təşkil edib.

Cari ilin eyni dövründə isə idxalın dəyəri 21,354 milyon dollar, həcmi isə 36 621 ton olub. Bir litrin qiyməti 58 sent təşkil edib. Beləliklə, bu il Gürcüstanın mayeləşdirilmiş propan idxalı orta hesabla 52,6 faiz bahalaşıb.

Avtomobillərə gəlincə, Gürcüstanda qazla işləyən minik avtomobillərinin sayı son 5 ildə 48,1 faiz artıb. Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı “Nəqliyyatın ətraf mühit göstəriciləri” məlumatlarına əsasən, 2025-ci ildə ölkədə ümumilikdə 192 100 qazla işləyən minik avtomobili qeydiyyatda olub. 2020-ci ildə isə bu göstərici 129 700 olub.

2025-ci ilin məlumatlarına görə, qazla işləyən avtomobillər ölkədə qeydiyyatda olan bütün minik avtomobillərinin 11,6 faizini təşkil edib.

Qeyd edək ki, cari ay ərzində müxtəlif yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri bir neçə dəfə dəyişdirilib.

Belə ki, sentyabrın 3-dən bu günədək benzin 14-31 tetri, dizel yanacağının qiyməti isə 30-46 tetri bahalaşıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər