İrakli Kobaxidze: Ölkə iqtisadiyyatı 2025-ci ildə 7,5 faiz artıb, ilk dəfə 100 milyard larini keçib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib ki, ölkə iqtisadiyyatı 2025-ci ildə 7,5 faiz artıb və bir il ərzində 3,9 milyard ABŞ dolları həcmində böyüyüb.
InterPress.ge xəbər verir ki, Baş nazirin sözlərinə görə, Gürcüstan iqtisadiyyatı tarixdə ilk dəfə 100 milyard lari həddini keçərək 104,6 milyard lariyə çatıb.
İrakli Kobaxidze qeyd edib ki, 2012-ci ildə "Gürcü Arzusu" hakimiyyətə gələndə ölkə iqtisadiyyatının həcmi 28 milyard laridən az idi. Onun sözlərinə görə, 2020-ci ildə bu göstərici 50 milyard laridən aşağı olub, son beş il ərzində isə iqtisadiyyat lari ifadəsində iki dəfə artıb.
Baş nazir bildirib ki, dollar ifadəsində iqtisadi artım daha yüksək olub. Belə ki, 2020-ci ildə Gürcüstan iqtisadiyyatının həcmi 16 milyard ABŞ dolları olduğu halda, 2025-ci ildə bu rəqəm 38,1 milyard dollara yüksəlib.
Kobaxidzenin sözlərinə görə, son beş ildə ölkədə orta illik iqtisadi artım 9,3 faiz təşkil edib.
O, həmçinin vurğulayıb ki, 2026-cı ilin yanvar-aprel aylarında da yüksək iqtisadi artım tempi qorunub saxlanılıb və bu dövrdə iqtisadiyyat 8,2 faiz artıb.
"Bu, iqtisadi artım tempinin cari ildə də qorunduğunu göstərir. Yüksək iqtisadi artımın davam etdirilməsi hökumətin əsas prioritetlərindən biridir", - deyə İrakli Kobaxidze bildirib.


