21 
May
2026
10:29
185

ICG: Gürcüstanın təcridi nəticə vermədi – Aİ Tbilisi ilə münasibətləri yenidən nəzərdən keçirməlidir

Müstəqil, qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan International Crisis Group (ICG) Gürcüstanda baş verən proseslərlə bağlı geniş məqalə yayımlayıb. Məqalədə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Gürcüstanın daxili və xarici siyasi vəziyyəti, eləcə də ölkənin Avropa İttifaqı ilə münasibətləri təhlil olunub.

InterPress.ge xəbər verir ki, ICG-in məqaləsində qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra Gürcüstan xarici siyasət kursunu ciddi şəkildə dəyişib və Ukrayna müharibəsinin mümkün mənfi nəticələrini minimuma endirmək məqsədilə Rusiya ilə qeyri-rəsmi anlaşmaya gedib.

Sənəddə bildirilir ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivi sürətlə zəifləsə də, Avropa üçün regionda yerləşən bu ölkə ilə işgüzar münasibətlərin qorunması strateji əhəmiyyət daşıyır.

“Avropa İttifaqı Tbilisi ilə gərginliyin azaldılmasına və Aİ-yə üzvlük prosesindən asılı olmayan praqmatik əməkdaşlığa çalışmalıdır”, – deyə məqalədə vurğulanır.

ICG qeyd edir ki, ABŞ və Avropa müharibənin başlanmasından dərhal sonra Gürcüstanı Rusiyaya qarşı prosesə cəlb etməyə çalışıb. Buraya Ukraynaya silah tədarükü və Rusiyaya qarşı ikitərəfli sanksiyaların tətbiqi ilə bağlı çağırışlar daxil olub.

Məqalədə qeyd olunur ki, bu addımların Gürcüstan və gürcü xalqı üçün potensial dağıdıcı nəticələri ola bilərdi.

Hesabatda bildirilir ki, Gürcüstanın Ukrayna müharibəsinə qoşulmamaq siyasəti Avropa Parlamentinin bir sıra qətnamələrində, həmçinin ABŞ və Aİ qanunvericilərinin bəyanatlarında sərt tənqid olunub.

Sənəddə həmçinin qeyd olunur ki, “Gürcü Arzusu” partiyasının liderləri uzun müddətdir Qərb paytaxtlarında keçmiş prezident Mixeil Saakaşvilinin siyasi varisləri hesab edilən müxalifət nümayəndələrinə göstərilən dəstəkdən narazıdırlar.

ICG-in qiymətləndirməsinə görə, 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkiləri öncəsi Avropa və ABŞ rəsmilərinin bəyanatları faktiki olaraq seçicilərə “Gürcü Arzusu”na səs verməməyi tövsiyə edib və bu, Gürcüstanda uzun illər qorunan siyasi neytrallıq praktikasını pozub.

Məqalədə vurğulanır ki, Gürcüstan rəhbərliyinə qarşı sərgilənən soyuq münasibət Avropa İttifaqının demokratiya və insan hüquqları sahəsində daha pis reputasiyaya malik qonşu hökumətlərlə isti münasibətləri ilə ziddiyyət təşkil edir.

ICG bildirir ki, hətta ən tənqidi Avropa dairələrində belə Gürcüstanın təcrid edilməsinin və ona təzyiq göstərilməsinin istənilən nəticəni vermədiyi barədə anlayış güclənir və çıxış yolu üçün yeni yanaşmalara ehtiyac var.

Sənəddə qeyd olunur ki, Avropa İttifaqı institutları Avropa Parlamentinin qətnamələrinin və ayrı-ayrı deputatların açıqlamalarının Gürcüstana münasibətdə Aİ-nin rəsmi siyasətini ifadə etmədiyini aydın şəkildə izah etməlidir.

Bundan əlavə, ICG vurğulayır ki, Avropa Gürcüstanda müharibə qorxusunun real olduğunu qəbul etməlidir və bu qorxu əhalinin böyük hissəsinin Avropa İttifaqına üzvlüyə güclü dəstəyi ilə yanaşı mövcuddur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər