Baş nazir Azərbaycan-Gürcüstan quru sərhəddinin açılmasına açıqlama verdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, hazırkı mərhələdə Gürcüstan və Azərbaycan arasında yalnız dəmir yolu sərnişin daşımalarının bərpası ilə bağlı qərar qəbul edilib.
InterPress.ge xəbər verir ki, mayın 19-da Hökumət Administrasiyasında keçirilən brifinqdə jurnalist Baş nazirə iki ölkə arasında quru sərhəd keçidinin açılması ilə bağlı danışıqların aparılıb-aparılmadığı barədə sual ünvanlayıb.
İrakli Kobaxidze cavabında bildirib ki, hazırda yalnız dəmir yolu əlaqəsinin bərpası barədə qərar mövcuddur.
“Dəmir yolu ilə bağlı bu mərhələdə sərnişin daşımalarının bərpası barədə qərar qəbul olunub. Digər məsələlərlə bağlı isə dostluq şəraitində müzakirələr davam etdiriləcək”, – deyə Baş nazir qeyd edib.
Kobaxidze quru sərhədin açılması ilə bağlı qərarın hələ qəbul edilmədiyini vurğulayıb.
“Bu gün üçün belə bir qərar yoxdur. Bunun geniş konteksti var. Yəqin ki, bu kontekstin nə olduğunu bilirsiniz, ona görə də detallara varmaq istəmirəm. Hazırda qəbul edilən qərar yalnız dəmir yolu sərnişin daşımalarının bərpası ilə bağlıdır”, – deyə İrakli Kobaxidze bildirib.


