Gürcüstanın əsas ixrac tərəfdaşları hansı ölkələrdir?
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Gürcüstanın ümumi ixracının 72,1%-i 10 ən böyük ixrac tərəfdaşı ölkənin payına düşüb.
InterPress.ge xəbər verir ki, ən böyük ixrac tərəfdaşları arasında birinci yeri Qırğızıstan tutur. Bu ölkəyə ixracın həcmi 272,8 milyon ABŞ dolları təşkil edib.
İkinci yerdə Çin qərarlaşıb. Gürcüstanın Çinə ixracı 255,1 milyon ABŞ dolları olub.
Üçüncü yerdə isə Azərbaycan yer alıb. Hesabat dövründə Azərbaycana ixracın həcmi 211,3 milyon ABŞ dolları təşkil edib.
İdxala gəlincə, 2026-cı ilin yanvar-aprel aylarında Gürcüstanın ümumi idxalının 70,5%-i 10 ən böyük idxal tərəfdaşı ölkənin payına düşüb.
İdxal üzrə ilk üçlükdə Türkiyə – 903,1 milyon ABŞ dolları, Rusiya – 766,3 milyon ABŞ dolları və Çin – 678,2 milyon ABŞ dolları ilə yer alıb.
Məlumata əsasən, 2026-cı ilin yanvar-aprel aylarında ixrac olunan məhsullar arasında ilk yeri minik avtomobilləri tutub. Bu məhsulun ixracı 537,4 milyon ABŞ dolları olub ki, bu da ümumi ixracın 22%-ni təşkil edir.
İkinci yerdə neft və neft məhsulları qərarlaşıb. Bu sahədə ixracın həcmi 324,1 milyon ABŞ dolları olub.
Üçüncü yerdə isə qiymətli metalların filizləri və konsentratları yer alıb. Onların ixracı 225,1 milyon ABŞ dolları təşkil edib.
İdxal olunan məhsullar arasında da ilk yerdə minik avtomobilləri qərarlaşıb. Bu məhsulun idxalı 925,9 milyon ABŞ dolları olub ki, bu da ümumi idxalın 16,3%-ni təşkil edir.
İkinci yerdə neft və neft məhsulları – 471,3 milyon ABŞ dolları, üçüncü yerdə isə neft qazları və digər qaz şəkilli karbohidrogenlər – 254,1 milyon ABŞ dolları ilə yer alıb.


