Gürcüstan DİN-də nifrət dili və aqressiv kommunikasiya ilə mübarizə aparacaq xüsusi idarə yaradılacaq
Gürcüstan Daxili İşlər Nazirliyində ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv kommunikasiya hallarının monitorinqi və hüquqi reaksiyası ilə məşğul olacaq xüsusi idarə yaradılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə Gürcüstanın vitse-baş naziri və hüquq-mühafizə strukturlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze açıqlama verib.
Onun sözlərinə görə, dövlətin borcu fərqli fikirlərin qorunduğu, eyni zamanda nifrət, düşmənçilik və təhqirin təşviq edilmədiyi mühit yaratmaqdır.
Mamuka Mdinaradze bildirib ki, bir neçə ay əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze ictimai debat məkanının açılması ilə bağlı mühüm təşəbbüs irəli sürüb və illər boyu müəyyən xarici qüvvələr tərəfindən ictimai müzakirə mühitinin süni şəkildə qapadıldığını vurğulayıb.
“Biz məsuliyyətli hakimiyyət olaraq hesab edirik ki, dövlət elə bir mühit yaratmalıdır ki, burada fərqli fikir qorunsun, eyni zamanda nifrət, düşmənçilik və təhqirin təşviqi qəbuledilməz olsun”, – deyə Mdinaradze qeyd edib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi ilə aparılan məsləhətləşmələr nəticəsində yaxın vaxtlarda xüsusi idarənin yaradılması barədə razılıq əldə olunub.
“Yeni idarənin əsas funksiyası ictimai məkanda nifrət dili, təhqiramiz kampaniyalar və aqressiv kommunikasiyanın sistemli monitorinqi və müvafiq hüquqi reaksiyanın təmin edilməsi olacaq. Buraya nifrət dili, düşmənçiliyin qızışdırılması, insan ləyaqətinin alçaldılması və digər oxşar halları ehtiva edən istənilən ictimai kommunikasiya daxildir”, – deyə o bildirib.
Mdinaradze vurğulayıb ki, yeni idarə proaktiv rejimdə fəaliyyət göstərəcək və reaksiyalar yalnız vətəndaş şikayətləri əsasında olmayacaq.
“Qurum özü monitorinq aparacaq, hüquqi qiymətləndirmə hazırlayacaq və zərurət yaranarsa materialları birbaşa məhkəməyə göndərəcək”, – deyə vitse-baş nazir əlavə edib.
O həmçinin bildirib ki, oxşar praktika Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələrdə də mövcuddur və həmin ölkələrdə dövlət institutları ictimai məkanı nifrət dili və aqressiv kampaniyalardan aktiv şəkildə qoruyurlar.
Mamuka Mdinaradzenin sözlərinə görə, bu qərarın məqsədi fikir və ifadə azadlığını məhdudlaşdırmaq deyil.
“Demokratik dövlətin əsası azad müzakirə və fikir müxtəlifliyidir. Lakin bu, zorakı, təhqiredici və ictimai qarşıdurmanı təşviq edən kommunikasiya üçün əsas olmamalıdır”, – deyə o qeyd edib.
Vitse-baş nazir əlavə edib ki, Gürcüstan dövləti ictimai məkanı destruktiv və süni şəkildə dərinləşdirilən qütbləşmədən qorumağa borcludur və yeni idarə ictimai sabitlik, qarşılıqlı hörmət və məsuliyyətli ictimai kommunikasiya standartlarının möhkəmləndirilməsinə xidmət edəcək.


