“Gürcü Distribusiya Marketinq Şirkəti” “Ailə Səbəti” təşəbbüsünə qoşulur
“Gürcü Distribusiya Marketinq Şirkəti” MMC “Ailə Səbəti” təşəbbüsünə qoşulduğunu açıqlayıb.
InterPress.ge xəbər verir ki, şirkət layihənin uğurla həyata keçirilməsi üçün pərakəndə satış şəbəkələri ilə birlikdə işləməyə hazır olduğunu bildirib.
“Gürcüstan parlamentinin qiymət formalaşması strukturunu öyrənən müvəqqəti komissiyasının tövsiyələri əsasında hazırlanmış və ərzaq məhsullarına əlçatan qiymətlərin təmin edilməsinə yönəlmiş “Ailə Səbəti” təşəbbüsü ilə tanış olduq və bu təşəbbüsün həyata keçirilməsində fəal iştirak etməyə hazır olduğumuzu bildiririk”, – deyə şirkətin açıqlamasında qeyd olunub.
Şirkət bəyan edib ki, “Ailə Səbəti” layihəsinin uğuru tədarük zəncirinin bütün iştirakçılarının birgə səylərindən asılıdır.
“Biz distribusiya sektorunun nümayəndələri olaraq, “Ailə Səbəti”nin uğurunun tədarük zəncirinin bütün həlqələrinin birgə səylərindən asılı olması ilə bağlı baxışı tam bölüşürük. Bizim üçün yüksək sosial məsuliyyət nümayiş etdirmək prioritetdir və layihənin uğurla həyata keçirilməsi üçün pərakəndə satış şəbəkələri ilə birlikdə işləməyə hazır olduğumuzu bildiririk. Qısa müddətdə iş proseslərinə qoşulmağa hazırıq”, – deyə açıqlamada vurğulanıb.


