Mamuka Mdinaradze: Məhbusların əfv olunması nə mənim, nə də “Gürcü Arzusu”nun müəyyən edəcəyi məsələdir
“Hüquq-mühafizə strukturlarının koordinasiyası məsələləri üzrə dövlət naziri” Mamuka Mdinaradze məhbusların əfv olunması ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
InterPress.ge xəbər verir ki, Mdinaradzenin sözlərinə görə, əfv məsələsi prezidentin diskresion səlahiyyətinə daxildir və bu mövzuda hər hansı tövsiyə vermək belə artıq sayıla bilər.
“Bu, nə mənim, nə də “Gürcü Arzusu” komandasının müəyyən edəcəyi məsələdir. Prezidentin diskresion səlahiyyəti olan yerdə hətta tövsiyə vermək belə artıq ola bilər və bu, təbii haldır”, – deyə Mdinaradze bildirib.
O qeyd edib ki, “vicdan məhbusu” və ya “qanunsuz məhbus” kimi terminlərdən ehtiyatla istifadə olunmalıdır.
“Cəmi 5-6 il əvvəl kiməsə vicdan məhbusu deyilməsi üçün həmin şəxs dünyada tanınan ciddi qanunsuzluğun qurbanı olmalı idi. Bu gün isə bu terminlər çox asanlıqla istifadə olunur və bu, artıq mübahisəli məsələyə çevrilir”, – deyə o vurğulayıb.
Mdinaradzenin sözlərinə görə, qərarların asan qəbul olunması üçün əvvəlcə məsələlərə düzgün ad verilməlidir.
“Mən hesab edirəm ki, münasibətimizi qarşı tərəfin yanaşmasına uyğun olaraq aydın şəkildə müəyyən etməliyik. Amma bunu heç kim şərt kimi qəbul etməsin”, – deyə o əlavə edib.
O həmçinin bildirib ki, dövlət adətən törətdiyi əməli etiraf edən şəxslərə qarşı daha yumşaq və humanist olur, lakin bu məsələ ilə bağlı şəxsi mövqeyinin maraqlı olmamalı olduğunu vurğulayıb.
“Bu, bir şəxsin diskresion səlahiyyətidir. Mənim bu barədə nə müsbət, nə də mənfi kontekstdə danışmağım düzgün olmaz. Şəxsi gözləntilərim maraqlı olmamalıdır”, – deyə Mdinaradze qeyd edib.


