04 
May
2026
14:46
144

“Təhsil resursları” məktəb formalarının satışı ilə bağlı detalları açıqladı

Gürcüstan Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Resursları MMC məktəb formalarının satışı ilə bağlı prosedurlara aydınlıq gətirib.

InterPress.ge xəbər verir ki, qurumun açıqlamasına görə, tender qalibi olan şirkətlə müqavilə imzalanacaq və bu müqavilə əsasında “Təhsil Resursları” məktəb formalarını satın alaraq sonradan satışını həyata keçirəcək.

Məlumata əsasən, məktəb forması zədələndiyi halda valideynlər yeni formanı birbaşa “Təhsil Resursları”ndan əldə edə biləcəklər.

Qurumdan bildirilib ki, sadələşdirilmiş satınalma prosesi başa çatdıqdan sonra əlavə detallar açıqlanacaq. Bu prosedur elan edildikdən sonra təxminən 3 həftə ərzində yekunlaşacaq.

Eyni zamanda qeyd olunub ki, sosial cəhətdən həssas qruplar üçün məktəb formaları dövlət tərəfindən maliyyələşdiriləcək. Belə ki, reytinq balı 60 000-dən aşağı olan ailələrin uşaqları üçün formanın xərclərini dövlət qarşılayacaq.

Qardaş-bacıların eyni vaxtda təmin olunması ilə bağlı məsələlərin də hazırda nazirlik tərəfindən işlənildiyi və yekun qərarların daha sonra açıqlanacağı bildirilib.

Qeyd edək ki, Təhsil Resursları MMC 29 aprel tarixində məktəb formalarının alınması üçün 44 900 000 lari dəyərində sadələşdirilmiş satınalma elan edib. Sənədə əsasən, 2026–2027-ci tədris ili üçün ibtidai sinif şagirdləri üçün ümumilikdə 1 801 000 ədəd məktəb forması hazırlanacaq.

Bizimlə əlaqə saxlayın