Mübahisə ölümlə nəticələndi- iki nəfər saxlanıldı
Gürcüstanın Kutaisi şəhərində güllələnən kişi xəstəxanada vəfat edib. İki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İmereti Polis Departamentinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma və cinayət barədə məlumat verməmək ittihamı ilə əvvəllər məhkum olunmuş iki nəfəri – 1991-ci il təvəllüdlü Ş.R. və 1993-cü il təvəllüdlü Q.S.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, hadisə 30 aprel tarixində Kutaisidə baş verib. Mübahisə zəminində təqsirləndirilən şəxs ov tüfəngindən atəş açaraq 1985-ci il təvəllüdlü B.J.-ni yaralayıb və hadisə yerindən qaçıb.
Yaralı kişi sonradan tibb müəssisəsində həyatını itirib.
Araşdırma zamanı müəyyən olunub ki, hadisə zamanı Ş.R.-nin yanında olan Q.S. cinayətin şahidi olsa da, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.
Polis tərəfindən keçirilən operativ tədbirlər nəticəsində hər iki şəxs “isti izlərlə” saxlanılıb. Cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 376-cı maddələri ilə istintaq aparılır. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


