İrakli Kobaxidze: Yeni dövlət naziri postu hüquq-mühafizə sistemini gücləndirmək üçündür
Gürcüstanın baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə yeni dövlət naziri vəzifəsinin yaradılması ilə bağlı açıqlama verib.
InterPress.ge xəbər verir ki, Kobaxidze bildirib, yeni vəzifə ayrıca qurum kimi deyil, hökumət administrasiyasının resursları ilə təmin olunacaq.
Onun sözlərinə görə, baş nazir və vitse-premyer kimi, hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri də hökumət administrasiyasının bütün resurslarından istifadə edəcək.
“Burada müzakirə ediləcək və ya məsxərə mövzusu yoxdur. Lakin müxalifət bu məsələdə də spekulyasiyalar yaymağa çalışır”, – deyə İrakli Kobaxidze qeyd edib.
Baş nazir vurğulayıb ki, struktur dəyişikliklərinin əsas məqsədi hüquq-mühafizə sisteminin daha da gücləndirilməsidir. Onun sözlərinə görə, yeni vəzifə koordinasiya funksiyasını yerinə yetirəcək.
“Yeni halqa – koordinasiya mexanizmi yaradılıb. Bu funksiyanı Mamuka Mdinaradze əvvəllər də icra edirdi, lakin konkret qurum çərçivəsində. İndi isə bu reallıq formallaşdırılıb”, – deyə o bildirib.
Kobaxidzenin sözlərinə görə, daxili işlər orqanları, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Mühafizə Xidməti müstəqil strukturlar olaraq qalacaq, lakin onların ümumi koordinasiyası yeni dövlət naziri tərəfindən təmin ediləcək.
Baş nazir əlavə edib ki, bu dəyişikliklər cinayətkarlığa qarşı mübarizəni və ictimai asayişin qorunmasını daha da gücləndirəcək.
Eyni zamanda, Kobaxidze keçmiş DTX rəhbəri Qriqol Liluaşvili ilə Mamuka Mdinaradze arasında aparılan müqayisələrə də münasibət bildirib və qeyd edib ki, mövcud şərait tam fərqlidir.
“Kontext tam fərqlidir. Mamuka Mdinaradze komandamızın uğurlu üzvlərindən biridir və onun fəaliyyəti, o cümlədən korrupsiya və terrorizmə qarşı mübarizə sahəsində, uğurlu olub”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, parlament sürətləndirilmiş qaydada müvafiq qanun layihəsini müzakirə edir. Layihəyə əsasən, yeni dövlət naziri hökumət administrasiyasında yerləşəcək və onun fəaliyyətinin təşkilati-texniki təminatı da məhz bu qurum tərəfindən həyata keçiriləcək.


