28 
Apr
2026
13:47
155

Ermənistan hökuməti: Gürcüstana ərazi verilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Ermənistanın baş nazirinin mətbuat xidməti mediada yayılan ərazi verilməsi ilə bağlı xəbərləri təkzib edib.

InterPress.ge xəbər verir ki, Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Ermənistanın delimitasiya prosesi çərçivəsində Gürcüstana Ciliza kəndini verməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin başqa ölkəyə verilməsi ilə bağlı iddialar əsassız və uydurmadır.

“Mediada guya delimitasiya nəticəsində Alaverdi icmasının Ciliza kəndinin Gürcüstana verilməsi ilə bağlı razılaşma əldə olunduğu barədə məlumat yayılıb. Ermənistan Respublikasının suveren ərazisinin hər hansı hissəsinin başqa ölkəyə verilməsi niyyəti, planı və ya razılaşması ilə bağlı istənilən belə məlumat reallığa uyğun deyil və tamamilə uydurmadır”, – deyə Nazeli Bağdasaryan qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Nikol Paşinyan sərhəd qoşunlarının gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Gürcüstanla sərhədin delimitasiyasının tamamlanmasının gündəmdə olduğunu bildirmiş və bu məsələ ilə bağlı tərəflər arasında razılaşmaların əldə olunduğunu demişdi.

Bizimlə əlaqə saxlayın