Şalva Papuaşvili: Xalqı seçkilərdə, patriarxla vidalaşma günlərində gördük, bir daha 17 mayda görəcəyik
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə paylaşım edərək gürcü xalqı və ölkədə gedən proseslər barədə açıqlama verib.
Papuaşvilinin sözlərinə görə, gürcü xalqının əsl siması 2024-cü ildə aydın şəkildə ortaya çıxıb.
“Bu, öz taleyini özü müəyyən edən, öz dəyərlərini qoruyan və seçdiyi yoldan dönməyən xalqdır. Xalq bir bütöv olaraq məhz belə hadisələrlə ölçülür, kiminsə zövqü ilə yox”, – deyə o bildirib.
Onun sözlərinə görə, xalqın birliyi 2024-cü il seçkilərində və patriarxla vidalaşma günlərində də aydın şəkildə görünüb və yaxın günlərdə – 17 mayda bu birlik yenidən nümayiş olunacaq.
Papuaşvili qeyd edib ki, bu fonda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin “xalq” barədə danışması qeyri-korrektdir və siyasi kinayədir.
Onun sözlərinə görə, Gürcüstanın keçmişinin “qara” kimi təqdim edilməsi düzgün deyil və tarixdə ən ağır dövrlər xarici qüvvələrin ölkəyə təsir cəhdləri ilə bağlı olub.
“Əgər tariximizdə həqiqətən qaranlıq bir şey olubsa, bu, xarici qüvvələrin bizi ‘qucaqlayıb boğmaq’ cəhdləri idi. Bu, əvvəllər də belə idi, bu gün də belədir”, – deyə Şalva Papuaşvili vurğulayıb.
Papuaşvili əlavə edib ki, zorakılıqdan danışanlar məhz bu prosesləri təşviq edənlərdir, yoxsulluq barədə danışanlar isə Gürcüstanı sanksiyalar müharibəsinə cəlb etməyə çalışırlar.
Onun sözlərinə görə, “qara keçmiş” barədə danışanlar insan hüquqlarının pozulduğu, reket və işgəncələrin dövlət siyasətinə çevrildiyi dövrləri əsaslandırmağa çalışırlar.
Parlament sədri bildirib ki, Gürcüstan konstruktiv dialoqa hazırdır, lakin bunun üçün qarşı tərəf də uyğun addımlar atmalıdır.
“Gürcüstana qarşı aqressiv ritorika dayandırılmalı, seçilmiş hakimiyyətə hücumlara son qoyulmalı və gürcü xalqına qarşı yönəlmiş qərarlar ləğv edilməlidir. Hörmətə əsaslanmayan münasibət tərəfdaşlıq ola bilməz. Əsl tərəfdaşlıq tərəflərin bir-birini bərabər qəbul etməsi ilə başlayır”, – deyə o qeyd edib.
Papuaşvili sonda vurğulayıb ki, Gürcüstan periferik koloniya deyil və hər kəs ölkəyə dövlət və xalq kimi hörmət etməlidir.
Qeyd edək ki, Pavel Herçinski Brüsseldə çıxışı zamanı bildirib ki, Gürcüstan yol ayrıcındadır və qarşıdakı qərarlar ölkənin gələcəyini müəyyən edəcək.


