The National Interest: Gürcüstanın strateji rolu ABŞ üçün əvəzolunmazdır
ABŞ üçün Gürcüstanın strateji mövqeyi və infrastrukturu Cənubi Qafqaz və Qara dəniz siyasətində mühüm əhəmiyyət daşıyır.
InterPress.ge xəbər verir ki, bu barədə The National Interest “Niyə ABŞ Gürcüstanla münasibətləri bərpa etməlidir” başlıqlı məqaləsində yazır.
Məqalədə qeyd olunur ki, ABŞ vitse-prezidenti J. D. Vancein Ermənistan və Azərbaycana səfəri gözlənilməz nəticə verərək Gürcüstanı yenidən diqqət mərkəzinə gətirib, baxmayaraq ki, Tbilisi səfər marşrutunda yer almayıb.
Nəşr yazır ki, bəzi dairələrdə Gürcüstanın Qərbdən uzaqlaşdığı və bu səbəbdən regiondakı rolunun azaldığı barədə fikirlər formalaşıb. Bu yanaşma ölkənin 2020-ci ildən daha müstəqil siyasət yürütməsi ilə əlaqələndirilir və nəticədə Gürcüstanın Rusiya və Çinlə yaxınlaşdığı iddia olunur.
Lakin məqalədə vurğulanır ki, bu yanaşma reallığı əks etdirmir. Bildirilir ki, Vance-in səfərinin məqsədi regiondakı marşrutların inkişafı olub və bu, Ermənistanın yeni regional mərkəzə çevrilməsi anlamına gəlmir.
Nəşr qeyd edir ki, bu yanlış interpretasiya Avropa və ABŞ-ın bəzi siyasi dairələrində geniş yayılıb və nəticədə Gürcüstanla bağlı siyasətə təsir göstərib.
Məqalədə həmçinin vurğulanır ki, ABŞ-Gürcüstan münasibətlərinin son illərdə zəifləməsi birtərəfli olub və bu, Tbilisinin maraqsızlığı ilə bağlı deyil. Əksinə, Gürcüstan dəfələrlə münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüs göstərib.
Nəşr qeyd edir ki, Gürcüstan üçün Rusiya siyasi və hərbi baxımdan “qırmızı xətt” olaraq qalır və ölkənin Moskva ilə yaxınlaşması iddiaları əsassızdır.
Məqalədə xatırladılır ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ötən ilin mayında ABŞ prezidenti Donald Tramp və vitse-prezident J. D. Vance-ə açıq məktub ünvanlayaraq iki tərəf arasında ideoloji yaxınlığı vurğulayıb və Vaşinqtonun münasibətindən narazılığını ifadə edib.
Nəşr yazır ki, Vaşinqton və Brüsseldə Gürcüstana qarşı mənfi münasibət əsasən ölkənin Rusiya və İranla guya əlaqələri ilə izah edilir. Lakin Avropada, xüsusilə Brüsseldə siyasətçilər açıq şəkildə bildirirlər ki, əsas narazılıq Tbilisinin Qərbin liberal gündəliyinə qarşı mövqeyi ilə bağlıdır.
Bu səbəbdən Gürcüstan Avropa İttifaqı tərəfindən artan siyasi və maliyyə təzyiqləri ilə üzləşib. Qeyd olunur ki, Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiya təşəbbüslərinə veto qoyub. Həmçinin, sanksiyalar çərçivəsində Azərbaycanın dövlət şirkəti SOCAR tərəfindən istifadə olunan Qulevi limanının da hədəf alındığı bildirilir.
Məqalədə əlavə olunur ki, Avropa İttifaqı Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırıb. Bununla yanaşı, beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Valyuta Fondunun ölkəyə verdiyi müsbət qiymətləndirmələr bu tənqidlərin inandırıcılığını azaldır.
Eyni zamanda, Vaşinqtonda Gürcüstana qarşı sərt mövqe tutan siyasi qrupun mövcud olduğu qeyd edilir. Bu qrupun tanınmış nümayəndəsi Joe Wilson “MEGOBARI” aktının müəllifidir. Qanun layihəsi Nümayəndələr Palatasında qəbul olunsa da, Senatda John Thune tərəfindən dayandırılıb.


