Tramp: İranla əldə edəcəyimiz razılaşma JCPOA-dan daha yaxşı olacaq
ABŞ prezidenti Donald Tramp İranla əldə olunacaq yeni razılaşmanın əvvəlki nüvə sazişindən daha üstün olacağını bildirib.
InterPress.ge xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, JCPOA (İran nüvə razılaşması) ABŞ-ın milli təhlükəsizliyi baxımından “ən pis razılaşmalardan biri” olub.
Tramp qeyd edib ki, əvvəlki razılaşma İran üçün nüvə silahına aparan yolu açırdı, lakin hazırda üzərində işlədikləri yeni razılaşma buna imkan verməyəcək.
“Əgər həmin razılaşmanı ləğv etməsəydim, bu gün İsrailə və bütün Yaxın Şərqə qarşı nüvə silahından istifadə oluna bilərdi”, – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, yeni razılaşma sülhü, təhlükəsizliyi və sabitliyi yalnız İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün təmin edəcək.
Tramp əlavə edib ki, əldə olunacaq nəticə “bütün dünyanın qürur duyacağı” səviyyədə olacaq.
Eyni zamanda, o, demokratları və medianı tənqid edərək bildirib ki, onların məqsədi ABŞ-ın İranla bağlı güclü mövqeyinə zərər vurmaqdır.
Tramp iddia edib ki, onun razılaşma bağlamaq üçün hər hansı təzyiq altında olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və prosesin “çox sürətlə” baş verəcəyini qeyd edib.


