TV Pirveli: İmedi telekanalı bizimlə bağlı yalan məlumat yayır
“İmedi” telekanalı “TV Pirveli” haqqında yalan və dezinformasiya yayır.
InterPress.ge xəbər verir ki, bu barədə TV Pirveli bəyanat yayıb.
“TV Pirveli”nin yaydığı açıqlamada bildirilir ki, 16 aprel tarixində İmedi TVnin “Xronika” xəbər buraxılışında səsləndirilən iddialar həqiqətə uyğun deyil.
Məlumata görə, “İmedi” telekanalı “TV Pirveli”nin guya “Gürcü arzusu” hökumətində gözlənilən kadr dəyişiklikləri barədə məlumatı hansısa şəxs – “Blažviç” tərəfindən yaymaq tapşırığı aldığı barədə xəbər yayıb. “TV Pirveli” bu məlumatı tamamilə əsassız, faktlara söykənməyən və dezinformasiya kimi qiymətləndirir.
Bəyanatda həmçinin qeyd olunur ki, material hazırlanarkən “İmedi”nin jurnalisti qarşı tərəfin mövqeyini öyrənmək üçün “TV Pirveli” ilə əlaqə saxlamayıb ki, bu da “Yayım haqqında” qanunun pozulması kimi dəyərləndirilir.
“TV Pirveli” telekanalı dezinformasiyanın dərhal dayandırılmasını və öz rəsmi mövqeyinin “İmedi”nin efirində tam və aydın şəkildə işıqlandırılmasını tələb edir.
Bununla yanaşı, telekanal Gürcüstan Kommunikasiyalar üzrə Milli Komissiyasına müraciət edərək məsələyə dərhal reaksiya verilməsini istəyib.
Açıqlamada vurğulanır ki, bu cür məlumatların yayılması müstəqil medianın nüfuzdan salınmasına yönəlmiş cəhd kimi qiymətləndirilir.


