07 
Apr
2026
11:47
140

Kaxa Kaladze: Azərbaycanla dost münasibətlərimiz var

Tbilisi meri, “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini yüksək qiymətləndirib.

InterPress.ge xəbər verir ki, Kaladze bildirib ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, regionda baş verən mürəkkəb proseslər fonunda sülh və dostluq münasibətlərinin dərinləşdirilməsi alternativsizdir.

“Azərbaycanla dost münasibətlərimiz var. Ölkə liderlərinin bu cür səfərləri əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Yaxın Şərqdə gedən ağır prosesləri nəzərə alsaq, sülhün alternativi yoxdur”, – deyə Kaladze qeyd edib.

Kaladze əlavə edib ki, Gürcüstanın geosiyasi mövqeyi region üçün mühüm əhəmiyyət daşıyır və bu potensialdan istifadə vacibdir. Onun sözlərinə görə, bəzi Avropa siyasətçilərinin orta dəhliz kontekstində Gürcüstanın rolunu vurğulamaması siyasi qərardır.

“Son illərdə ölkəmizə qarşı şantaj, təhqir və təhdidlərin şahidi oluruq. Bu münasibət qəbuledilməzdir. Bunun səbəbi isə Gürcüstanın öz iqtisadi maraqlarına zidd addımlar atmamasıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İlham Əliyev aprelin 6-da Gürcüstana səfər edib və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, eləcə də Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirib.

Eyni zamanda, “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili biznes mərkəzində Azərbaycan Prezidentini və nümayəndə heyətini qəbul edib. Görüşdə tərəflər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlı fayda verdiyini qeyd ediblər.

Bizimlə əlaqə saxlayın