Kaxa Kaladze İsveçrə Federal Şurasının qərarı ilə bağlı: Gürcüstanın maraqları müzakirə olunarkən viza mövzusu yersizdir
Tbilisi meri Kaxa Kaladze İsveçrənin Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün viza məhdudiyyəti tətbiq etməsinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında qeyd edib ki, ölkənin maraqları və onların qorunması fonunda viza məsələsi ümumiyyətlə yersizdir.
Onun sözlərinə görə, bu qərar ikili standartların göstəricisidir və Gürcüstan dövlətinə münasibətdə qəbuledilməz yanaşmadır.
“Ölkənin maraqları və bu maraqların qorunmasından söhbət gedirsə, viza mövzusu tamamilə yersizdir. Əgər kimsə düşünürsə ki, Gürcüstan kənardan idarə olunmalıdır, hər kəs anlamalıdır – nə ölkə daxilində, nə də xaricdə bu baş verməyəcək”, – deyə Kaladze bildirib.
Mer əlavə edib ki, hazırda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası ölkə əhalisinin dəstəyi ilə seçilib və məhz bu siyasi qüvvə dövlət maraqlarını qoruyur.
Kaladzenin sözlərinə görə, əks halda ölkə ciddi problemlərlə üzləşə bilərdi və vətəndaşlar bunu düzgün qiymətləndirərək seçim edirlər.
Qeyd edək ki, İsveçrə Federal Şurası 3 aprel tarixindən etibarən Gürcüstanın diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbi tətbiq edib.


