Kaxa Kaladze: Gürcüstan ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa hazırdır
Tbilisi meri Kaxa Kaladze bildirib ki, Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri “yeni səhifədən” başlamağa hazırdır.
InterPress.ge xəbər verir ki, Kaladze bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında baş tutan telefon danışığını şərh edərkən danışıb.
Onun sözlərinə görə, Gürcüstan ABŞ ilə münasibətlərdə dostluq və tərəfdaşlığa üstünlük verir.
“Bizim ağalara ehtiyacımız yoxdur, bizə dostlar və tərəfdaşlar lazımdır”, – deyə Kaladze qeyd edib.
Tbilisi meri əlavə edib ki, aprel ayında ABŞ və Gürcüstan arasında müxtəlif formatlarda görüşlərin keçirilməsi planlaşdırılır və bu görüşlərin nəticələrinin cəmiyyət üçün müsbət olacağı gözlənilir.
Kaladze detalları açıqlamaqdan çəkinərək bildirib ki, proseslərin inkişafını gözləmək lazımdır.
“Bu münasibətlərin yeni səhifədən başlayacağına böyük ümidimiz var. Aprel ayında müxtəlif görüşlər keçiriləcək və maraqlı yeniliklər olacaq. Əminəm ki, ölkəmizi və şəhərimizi sevən hər kəs yaxın zamanda açıqlanacaq məlumatlarla fəxr edəcək”, – deyə o, Rustavi 2-yə müsahibəsində bildirib.


