Qaracalada quldurluq: ana və övladı daxil olmaqla 3 nəfər saxlanılıb
Kaxetidə törədilmiş quldurluq faktı ilə bağlı üç nəfər – ana və övladı da daxil olmaqla – saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, maskalı şəxslər zərərçəkmişin evinə qanunsuz daxil olaraq ona fiziki zorakılıq tətbiq ediblər və 8 200 lari, bank kartları və mobil telefonunu ələ keçiriblər.
İstintaqla müəyyən edilib ki, 29 mart gecə saatlarında Telavi bələdiyyəsinin Qaracala kəndində yaşayan 1955-ci il təvəllüdlü qadının evinə hücum edilib. Hadisədən sonra şübhəlilər ərazidən qaçıblar.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü E.D., 2008-ci il təvəllüdlü T.İ. və əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü S.İ. saxlanılıb.
Polis tərəfindən sübut kimi oğurlanmış pul vəsaiti, bank kartları və mobil telefon götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin quldurluğu nəzərdə tutan 179-cu maddəsi ilə aparılır. Bu maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


