31 
Mar
2026
14:07
243

DTX: Tbilisi və Qardabanidə saxta sənəd hazırlayan şəxs saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin – DTX əməkdaşları Tbilisi və Qardabani bələdiyyəsində keçirilən kompleks əməliyyat nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və satışı faktlarını aşkarlayıb.

InterPress.ge xəbər verir ki, qurumun məlumatına görə, bir nəfər saxlanılıb.

Bildirilib ki, DTX-nin Antiterror Mərkəzi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gürcüstan vətəndaşının öz yaşayış evində pul müqabilində mütəmadi olaraq Gürcüstan və xarici ölkələrə aid saxta şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələri hazırladığı müəyyən edilib.

Məlumata görə, həmin şəxs saxta sənədləri xaricdə olan sifarişçilərə və vasitəçilərə poçt vasitəsilə göndərib.

Keçirilən axtarış zamanı şübhəlinin evindən saxta sənəd hazırlamaq üçün xüsusi avadanlıqlar, kompüter texnikası, onlarla plastik kart, xaricə göndərilməyə hazır saxta sürücülük vəsiqələri, mobil telefonlar aşkar edilərək götürülüb. Eyni zamanda, “Gürcüstan Poçtu”ndan da xaricə göndərilməsi nəzərdə tutulan saxta sənədlər müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər