31 
Mar
2026
10:33
156

Şalva Papuaşvili: Gürcüstanın milli maraqları üçün bu gün də 35 il əvvəlki kimi birlik vacibdir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkənin milli maraqlarının qorunması üçün bu gün də 35 il əvvəl – 31 mart referendumunda olduğu kimi birlik zəruridir.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Papuaşvilinin sözlərinə görə, Gürcüstanın müstəqilliyinin bərpasına aparan 35 illik yol çətin, mürəkkəb və bir çox faciəli hadisələrlə müşayiət olunub.

O qeyd edib ki, 31 mart 1991-ci ildə keçirilən ümumxalq referendumunda Gürcüstanın bütün bölgələri və vətəndaşları yekdilliklə ölkənin müstəqilliyinin bərpasını dəstəkləyərək “bəli” cavabı veriblər.

Parlament sədri əlavə edib ki, 31 mart eyni zamanda Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdia-nın doğum günüdür. O xatırladıb ki, məhz Qamsaxurdia referendumdan bir neçə gün sonra – 9 aprel 1991-ci ildə Gürcüstanın müstəqilliyini elan edib.

Papuaşvili vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Gürcüstan öz müstəqilliyini, suverenliyini və azadlığını qoruyub saxlayıb.

Onun sözlərinə görə, qarşıda hələ də mühüm vəzifələr dayanır – ərazi bütövlüyünün bərpası, suverenliyin gücləndirilməsi, yeni geosiyasi reallıqlara uyğun münasibətlərin qurulması, iqtisadi inkişaf və demoqrafik problemlərin həlli.

Papuaşvili qeyd edib ki, bu məqsədlərə çatmaq üçün əsas amil milli birlik və ümumi maraqların qorunmasıdır.

“Bu gün də bizə 35 il əvvəl olduğu kimi birlik və həmrəylik lazımdır. Heç bir qüvvəyə imkan verməyəcəyik ki, tarixi seçimimizə yenidən baxılsın. Müstəqillik referendumu sualına cavabımız dəyişməzdir – bəli”, – deyə Şalva Papuaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər